Paris və Yerevan silah sazişi imzalayacaqlar

Fransanın Müdafiə naziri Sebastyan Lekornyu “Le Parisien” qəzetinə deyib ki, oktyabrın 23-də Yerevan və Paris hərbi təchizatla bağlı saziş imzalayacaqlar.

Gununsesi.info xəbər verir ki, Lekornyu ermənistanlı həmkarı Suren Papikyanı qəbul edəcəyini bildirib: “Biz sabah (oktyabrın 23-də – red.) Ermənistanın fransalı istehsalıçılardan müəyyən miqdarda silah alacağını rəsmən sənədləşdirəcəyik. Ermənistanın öz səmasını qorumasına imkan verəcək saziş imzalayacağıq”.

Ermənistan Fransanın dəstəyinə bel bağlaya bilərmi? Bu sualı nazir belə cavablandırıb: “Ermənistana dinc əhalisini və sərhədlərini qorumaq imkanı vermək çox vacibdir”.

Fransanın müdafiə nazirinin daha öncə dediyinə görə, hesab etmir ki, Paris hərbi müdaxilə yolu ilə Ermənistanın ərazi bütövlüyünü qoruya bilər. Lekornyu onu da deyib ki, Fransa Ermənistanın müdafiə tələbatını öyrənir.

Rəsmi Bakı Parisi dəfələrlə Azərbaycan-Ermənistan qarşıdurmasında qərəzli mövqe tutmaqda ittiham edib.

Bu ayın əvvəllərində Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Radio France”a müsahibəsində Fransanın Ermənistana silah satmaq niyyətləri ilə bağlı suala cavab verərkən demişdi: “Hazırda Fransaya bir vasitəçi kimi etibar faktiki olaraq yoxdur. Bu qərar isə bizi çox təhlükəli situasiya qarşısında qoya bilər. Biz bunu Fransanın Ermənistanı ölkəmizə yenidən hücum üçün silaha sarılmağa təhrik etməsi kimi yoza bilərik”.

 

 

Gununsesi.info