
İsrail-Fələstin münaqişəsinin son alovlanmasından sonra Qəzza zolağında İsrailin zərbələri nəticəsində dağıdılan məscidlərin sayı 30-a çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Qəzza Vəqf Nazirliyinin məlumatında deyilir.
Nazirliyin məlumatına görə, İsrail ordusunun son hücumları zamanı daha beş məbəd dağıdılıb.
Oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.
HƏMAS bildirib ki, əməliyyat işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinə hücuma və İsrailin fələstinlilərə qarşı artan zorakılığına cavabdır.
Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı onlarla döyüş təyyarəsindən istifadə edərək, “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.
İsrail-Fələstin münaqişəsinin gərginləşdiyi vaxtdan bəri 4400-ə yaxın fələstinli və 1400 israilli həlak olub.
Gununsesi.info