
Birləşmiş Millətlər Təşkilatının qurumları İsrailin günlərdir bombardman etdiyi Qəzza zolağında baş verən faciəni birgə hesabatla dünyaya açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Dünya İnkişaf Proqramı (UNDP), Əhali Fondu (UNFPA), Uşaq Fondu (UNICEF), Ümumdünya Ərzaq Proqramı (WFP) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzzada humanitar vəziyyəti əks etdirən hesabat hazırlayıb. Hesabatda qeyd olunub ki, İsrailin iki həftəlik bombardmanı və blokadası səbəbindən 1,6 milyondan çox insan təcili yardıma ehtiyac duyur.
Əvvəlki gün Rəfah keçidindən keçən 20 TIR yardımının yetərli olmadığı qeyd edilən hesabatda Qəzzadakı insanların “müdafiə, qida, su və sağlamlıq xidmətlərindən məhrum olduqları” ifadə edilib. Həmçinin xəbərdarlıq edilib ki, “həssas insanlar ən böyük risk altındadır və uşaqlar həyəcan verici bir sürətlə ölür”.
Hesabatda “Qəzza son münaqişədən əvvəl ümidsiz humanitar vəziyyət idi. İndi vəziyyət fəlakətlidir. Dünya daha çox iş görməlidir” və digər təfərrüatlar belədir:
– Səhiyyə müəssisələrinin verdiyi məhdud miqdarda yanacağın sabah bitəcəyi gözlənilir.
– Su hasilat gücü hazırda “normalın 5 faizi” səviyyəsindədir.
– Ərzaq ehtiyatları demək olar ki, tükənib, çörək sexləri bağlanır. Münaqişədən əvvəl göndərilən humanitar yardımlar tükənmək üzrədir. On minlərlə məcburi köçkün təhlükəsiz şəkildə yemək bişirə və ya yemək ala bilmir.
– Mülki infrastruktur, o cümlədən səhiyyə müəssisələri, su, kanalizasiya və elektrik sistemləri İsrailin hücumları nəticəsində ya tamamilə məhv edilib, ya da ciddi şəkildə zədələnib. Xəstəxanalar cəsədləri müvafiq şəraitdə saxlaya bilməz. Epidemiya riski artır.
Hesabatda qeyd olunub ki, regionda humanitar fəlakətə son qoymaq üçün “su, qida və yanacağa davamlı çıxış” lazımdır. BMT həmçinin bütün mülki əhalinin və mülki infrastrukturun, o cümlədən səhiyyə müəssisələrinin qorunmasına çağırıb.
Digər tərəfdən, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda UNRWA-nın 29 əməkdaşının həyatını itirdiyini açıqlayıb. Açıqlamada həyatını itirən personalın yarısının müəllim olduğu bildirilib.
İsrail ordusu Qəzzanın havadan bombardmanını “gücləndirəcəyini” açıqlayıb. Ordu sözçüsü Daniel Hagari gözlənilən quru hücumundan əvvəl Qəzzaya bombardmanların artacağını ifadə edib: “Müharibənin növbəti mərhələsinə ən yaxşı şərtlərlə girməliyik. Riskləri azaltmaq üçün hücumları gücləndirəcəyik”.
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi də ordunun “Qəzzaya girmək və HƏMAS-ı məhv etmək üçün əməliyyata hazırlaşdığını” bildirib, lakin müddət açıqlamayıb.
Səid Əhmədli
Gununsesi.info