Yaxın Şərqdə savaş zəngləri çalınır: ABŞ-ın ardından onlar da gəldi

İsrailin Qəzzaya hücumlarından sonra ABŞ Şərqi Aralıq dənizinə iki hərbi gəmi göndərdikdən sonra Almaniya da bölgəyə xüsusi əməliyyat bölmələri göndərib.

Gununsesi.info xəbər verir ki, İsrail-Fələstin münaqişəsi və İsrail ordusunun blokada altındakı Qəzzaya qarşı hücumları davam etdikcə, bölgədə hərbi fəallıq artır. Nəhayət, Almaniya ordusu xüsusi təyinatlı dəstələri Kipr adasına göndərib.

HƏMAS-ın silahlı qanadı İzzəddin Əl-Qəssam briqadalarının 7 oktyabrda İsrailə qarşı həyata keçirdiyi “Əqsa tufanı” əməliyyatı və ondan sonra baş verən hadisələr Yaxın Şərqdə çaşqınlıq yaradıb.

Almaniya ordusu da bölgədə artan hərbi hərəkətliliyə əlavə edilib. Alman ordusunun xüsusi təyinatlı hissələrini daşıyan təyyarə Amerika və Britaniya əsgərlərinin də olduğu Cənubi Kiprdəki hərbi bazaya eniş edib.

Digər tərəfdən, mövzu ilə bağlı Avropa mətbuatında yer alan son xəbərlərə görə, HƏMAS-ın əlində olan alman girovların xilas edilməsində Almaniya xüsusi təyinatlılarının İsrail ordusu ilə birlikdə çalışacağı iddia edilib.

İsrail-Fələstin münaqişəsində Təl-Əviv rəhbərliyinə hərtərəfli dəstək verən ABŞ Şərqi Aralıq dənizinə “USS Dwight D. Eisenhower” və “USS Gerald R. Ford” təyyarədaşıyan gəmiləri də daxil olmaqla böyük bir donanma göndərib.

Gununsesi.info