
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri İsrail-Fələstin münaqişəsi ətrafında vəziyyətin müzakirə olunacağı görüş keçirəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosef Borrel bildirib.
Onun sözlərinə görə, sammitin mərkəzi mövzularından biri Qəzza zolağına humanitar yardımın çatdırılmasıdır.
Borrell xatırladıb ki, münaqişənin son gərginləşməsindən əvvəl hər gün humanitar yardım daşıyan 100-dən çox yük maşını Qəzzaya daxil olub.
Aİ diplomatiyasının rəhbəri Fələstin anklavının sakinlərinin yanacaq, su və elektrik enerjisinə olan tələbatının ödənilməsinin vacibliyinə diqqət çəkib. O, Rəfah keçid məntəqəsində gözləyən humanitar yük maşınlarının Qəzzaya keçməsinin təcili olduğunu vurğulayıb.
“Bu gün biz BMT-nin hərbi əməliyyatların dayandırılması çağırışını da müzakirə edəcəyik. Bu, həm də girovların ağır vəziyyətini yüngülləşdirmək üçün lazımdır”, – deyə o bildirib.
Diplomat bəyan edib ki, hər iki tərəfdən mülki şəxslərin öldürülməsi qəbuledilməzdir.
Görüş iştirakçıları Yaxın Şərq mövzusu ilə yanaşı, Ukrayna və Cənubi Qafqazdakı vəziyyəti də müzakirə edəcəklər.
Gununsesi.info