Təkadamlıq kamerada saxlanılma hansı hallarda insan ləyaqətinin alçaldılması hesab olunur? - AVROPA MƏHKƏMƏSİNİN PRESEDENTİ VAR

  • Müəllif: admin
  • 11 Noyabr 2026 08:19

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) təkadamlıq  kamerada saxlanılan məhbusların hüquqları ilə bağlı mühüm qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, 3 noyabr 2026-cı il tarixli qərar Türkiyədə 2016-cı il hərbi çevriliş cəhdindən sonra həbs edilmiş və terror təşkilatına üzvlükdə ittiham olunan dörd şəxsin şikayəti əsasında çıxarılıb.

Ərizəçilər müxtəlif müddətlərdə birnəfərlik kameralarda saxlanılıblar. Onlardan biri 2 il 3 ay, digəri 2 il 11 ay, üçüncüsü 6 il 8 ay, dördüncüsü isə 1 il 5 ay müddətində ayrıca kamerada qalıb.

AİHM birinci və ikinci ərizəçilərə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin (işgəncələrin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın qadağan edilməsi) pozulmadığı qənaətinə gəlib. Üçüncü və dördüncü ərizəçilərin isə bu maddə ilə təminat altına alınan hüquqlarının pozulduğunu müəyyən edib.

Qərarın diqqətçəkən məqamı ondan ibarətdir ki, 2 il 11 ay birnəfərlik kamerada saxlanılan şəxsin hüquqlarının pozulmadığı halda, 1 il 5 ay saxlanılan şəxsin Konvensiyanın 3-cü maddəsi ilə təminat altına alınan hüquqlarının pozulduğu müəyyən edilib.

Bəs AİHM bu qənaətə hansı meyarlar əsasında gəlib?

Qərarı Gununsesi.info-ya şərh edən vəkil Fariz Namazlı deyir ki, məhkəmə ilk növbədə birnəfərlik kamerada saxlanılma ilə tam sosial təcridin eyni anlayışlar olmadığını vurğulayıb:  “Şəxsin ayrıca kamerada saxlanılması özlüyündə onun sosial təcridə məruz qalması və ya insan ləyaqətinin alçaldılması demək deyil. AİHM belə halları qiymətləndirərkən təcridin xarakterini və sərtlik dərəcəsini, müddətini, tətbiq edilmə məqsədini, məhbusun digər insanlarla ünsiyyət imkanlarını, eləcə də fiziki və psixi sağlamlığına təsirlərini birlikdə nəzərə alır”.

Hüquqşünasın fikrincə, məhkəmə təhlükəsizlik, penitensiar müəssisədə nizam-intizamın qorunması və cinayətkar təşkilat üzvləri arasında əlaqələrin qarşısının alınması kimi məqsədlərlə müəyyən məhdudiyyətlərin tətbiqini mümkün hesab edir:”Lakin təhlükəsizlik mülahizələri uzunmüddətli və sərt təcridin davam etdirilməsinə avtomatik əsas vermir. Dövlət orqanları məhdudiyyətlərin zəruriliyini mütəmadi olaraq yenidən qiymətləndirməli, bunu məhbusun fərdi davranışı, real təhlükəsizlik riskləri və sağlamlıq vəziyyəti əsasında əsaslandırmalıdırlar”.

Qeyd edək ki, məhkəmə üçüncü ərizəçinin işində saxlanma şəraitinin xüsusiyyətlərinə xüsusi diqqət yetirib.

Belə ki, həmin şəxs 6 il 8 ay birnəfərlik kamerada saxlanılıb. İlk 19 ay ərzində digər məhbuslarla heç bir ünsiyyət imkanı olmayıb. Gecə saatlarında müntəzəm yoxlamalar onun yuxu rejiminə mənfi təsir göstərib. Psixiatr müayinəsi zamanı isə onda uyğunlaşma pozuntusu müəyyən edilib.

Buna baxmayaraq, Türkiyə hakimiyyəti təcridin davam etdirilməsinin zəruriliyini və bu şəraitin məhbusun psixi sağlamlığına təsirini lazımi qaydada yenidən qiymətləndirməyib.

Dördüncü ərizəçinin işində isə ilk səkkiz ay ərzində gündə cəmi 30 dəqiqə açıq havaya çıxmaq imkanının olması, digər məhbuslarla ünsiyyətin olmaması, sosial və idman fəaliyyətlərindən məhrum edilməsi, eləcə də tətbiq edilən məhdudiyyətlərin fərdi əsaslarla əsaslandırılmaması həlledici amillər olub.

AİHM hər iki iş üzrə saxlanma şəraitinin ümumi təsirinin azadlıqdan məhrum edilmənin qaçılmaz nəticəsi olan əzab həddini aşdığı qənaətinə gəlib və Konvensiyanın 3-cü maddəsinin pozulduğunu müəyyən edib.

Məhkəmənin yekun qərarına əsasən  Türkiyə hökuməti həmin şəxslərə təzminat ödəməlidir.

Fariz Namazlı deyir ki, bu qərar bir daha göstərir ki, məhbusun ayrıca kamerada saxlanılması dövlət orqanlarına onun sosial əlaqələrini qeyri-məhdud şəkildə məhdudlaşdırmaq səlahiyyəti vermir:”Təhlükəsizlik zərurəti ilə əsaslandırılan məhdudiyyətlər mütənasib olmalı, fərdi əsaslara söykənməli və mütəmadi nəzərdən keçirilməlidir. Əks halda, həbs şəraiti insan ləyaqətini alçaldan rəftara çevrilə bilər.

Beləliklə, AİHM-in yanaşmasına görə, birnəfərlik kamerada saxlanılmanın qanunauyğunluğunu qiymətləndirərkən təkcə müddət deyil, insanın hansı şəraitdə, hansı məhdudiyyətlərlə və hansı nəticələrlə üzləşdiyi əsas götürülməlidir”.

Pərviz Həşimli

Gununsesi.info