Lukaşenko 35 Avropa ölkəsi üçün vizasız rejim elan edir

  • By admin
  • 18 İyul 2024 09:54

Belarusun hakimiyyət orqanları Avropanın 35 ölkəsinin vətəndaşları üçün vizasız gediş-gəliş rejimi elan ediblər.

Bundan əvvəl, 2022-ci ildən etibarən Polşa, Litva və Latviyanın vətəndaşları Belarusa vizasız səfər edə bilərdilər.

Gununsesi.info-nun xəbərinə görə, Belarus Dövlət Sərhəd Komitəsinin məlumatında deyilir ki, bu qərarı ölkənin avtoritar başçısı Alyaksandr Lukaşenko təsdiqləyib.

Xəbər verilir ki, Minskin bu addımı birtərəflidir, belə ki, Avropa ölkələri Belarus vətəndaşları üçün vizasız rejim elan etməyiblər.

Qərara görə iyulun 19-dan Avropa İttifaqının bütün ölkələri, habelə Britaniya, Norveç, İsveç və bir sıra Balkan ölkələrinin vətəndaşları Belarusa vizasız səfər edə və burada 30 gün müddətində qala biləcəklər.

Qərarda deyilir ki, Belarusa vizasız gəlmiş əcnəbilər buradan, Rusiya xaric başqa ölkələrə səfər edə bilərlər.

Belarusun vizasız rejim elan etdiyi ölkələrin demək olar hamısının vətəndaşları Rusiyaya yalnız viza ilə gələ bilərlər.

Rusiya ilə viza rejimi Ukraynaya müdaxilədən sonra daha da sərtləşdirilib.

Moskva hələ ki, Belarusun qərarını şərh etməyib. Rusiya ilə Belarus arasındakı keçid məntəqələrində sərhədçilər yoxdur.

Şərhçilər bildirirlər ki, Minsk bu addımı Belarusla Aİ arasında münasibətlərin ən gərgin vaxtında atıb.

Aİ Ukraynaya müdaxilədə Rusiyaya dəstək verən Belarusa qarşı çoxsaylı sanksiyalar elan edib.

Eyni zamanda Polşa və Baltik ölkələri Belarusla sərhədlərini daim möhkəmləndirirlər.

Bu ölkələr bildirirlər ki, Belarus onların ərazisinə qanunsuz miqrant axınına bilərəkdən rəvac verir.

 

Afət Abbasova

Gununsesi.info