Freedom House: Gürcüstanda son bir ildə azadlıq səviyyəsi aşağı düşüb

Son bir ildə Gürcüstan, nüfuzlu beynəlxalq insan haqları təşkilatı Freedom House-un hazırladığı Demokratiya İndeksində mövqeyini pisləşdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Dünyada Azadlıq 2025” illik hesabatında məlumat verilir.

Gürcüstan 100 mümkün baldan 55 bal toplayaraq “qismən azad” ölkələr qrupunda qalır. Keçən il bu göstərici 58 bal idi.

Gürcüstanda siyasi hüquqlar 40 baldan 21, vətəndaş hüquqları isə 60 baldan 34 qiymətləndirilib. 2024-cü ildə isə ölkə müvafiq olaraq 22 və 36 bal alıb.

Gürcüstan, seçki mitinqləri zamanı geniş yayılmış zorakılıq və təhlükəsizlik qüvvələrinin etirazçılara nisbətsiz güc tətbiq etdiyi 11 ölkə arasında yer alır.

Freedom House Gürcüstanın profilində oliqarxların siyasətdəki təsirini, müxalifətə qarşı fiziki zorakılığı, hökumətdə korrupsiyanı və medianın azadlığının təhdid edildiyini bildirir.

Hesabatda ümumilikdə 195 ölkə və 13 ərazi qiymətləndirilir.

Günel

Gununsesi.info