Cənubi Koreyada baş verən qəzalar: - Aviasiya sənayesi diqqət mərkəzindədir

Cənubi Koreyada Honq-Konqa uçan Air Busan təyyarəsi Busandakı Gimhae Beynəlxalq Hava Limanından qalxmağa hazırlaşarkən quyruğunda yanıb. Təyyarədə olan 176 sərnişin və ekipaj üzvlərinin hamısı təxliyə edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, xilasetmə səlahiyyətliləri yanğında yaralanan 7 nəfərin xəstəxanalarda müalicə altına alındığını açıqlayıb.

Müvəqqəti prezident Choi Sang-mok səlahiyyətlilərə yanğın hadisəsini hərtərəfli araşdırmağı və təcili tədbirlər görməyi tapşırıb.

Yanğının səbəbini müəyyən etmək üçün araşdırma başlasa da, bəziləri yanğının çamadanın içərisinə yerləşdirilən xarici batareya və ya elektron cihazdan qaynaqlana biləcəyini düşünür.

Bəs, son vaxtlar ard-arda baş verən təyyarə qəzaları bizə nə deyir?

Cənubi Koreya bu yaxınlarda öz ərazisində ən ölümcül təyyarə qəzası ilə sarsıldı.

Bu qəzanın fəsadları hələ də aradan qaldırılmasa da, aviasiya sənayesini vuran ikinci təhlükə vətəndaşların narahatlığına və qorxusuna səbəb olub.

ABŞ və aviasiya nəhəngi “Boeing” in müstəntiqləri ölümlə nəticələnən təyyarə qəzasının səbəbini tapmaq üçün qəzanın baş verdiyi ərazini araşdırmaya başlayıblar.

Cənubi Koreya hökuməti ölkədəki 101 ədəd Boeing 737-800-ün hamısında təhlükəsizlik yoxlamalarına başlayıb. Boeing son vaxtlar ciddi keyfiyyətə nəzarət böhranları və dəyər itkisi ilə mübarizə aparır.

Təyyarənin havada mühərrik problemi olduğu müəyyən edilib. İlkin araşdırmalar onu da göstərir ki, pilotlar idarəetmə mərkəzindən quş vurması xəbərdarlığı alıb və təhlükə siqnalı veriblər.

Bununla belə, bir çox ekspertlər bildirirlər ki, qəzanın əsas səbəbi yəqin ki, eniş qurğusunun problemi olub. MİT-in aviasiya üzrə eksperti Con Hansmanın sözlərinə görə, ölümlə nəticələnən qəzanın baş verdiyi təyyarədə uçan pilotlar “enişə tələsdilər”

Mütəxəssis ehtimal edir ki, qəza çox güman ki, təyyarənin hidravlik idarəetmə sistemlərində yaranan problemlə əlaqədar olub. Deyilənə görə, bu, “yerdə olmaq üçün tələskənliyi izah edəcək bir nəzarət problemini göstərə bilər”.

Lakin təyyarədəki qara qutuların son dörd dəqiqə ərzində qeydləri dayandırması qəzanın sirrini daha da artırır.

2024-cü il Boeing üçün təyyarələrində yaranan problemlərə görə məhkəmə çəkişmələri və yoxlamalarla mübarizə aparan bir il oldu.

Günlərlə davam edən işçilərin tətili, ən çox satılan sərnişin təyyarəsində ardıcıl nasazlıqlar və səhmlərin qiymətlərinin düşməsi… Nəhayət, Cənubi Koreyada 179 nəfərin ölümü ilə nəticələnən qəza Boeing üçün xüsusilə uğursuz sonluq oldu.

Orxan Saffari

Gununsesi.info