
Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938 – ci ilin 24 iyununda Ordubad rayonunun Kələki kəndində anadan olub.
1 nömrəli Ordubad orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub.
Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy, 1964-cü ilin oktyabrına kimi Sovet İttifaqının inşa etdiyi Asuan bəndində tərcüməçi kimi çalışıb. 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.
“Tulunilər dövləti (868–905)” mövzusunda dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb və ADU- “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim və baş müəllim işləyib.
1975 – ci ildə tələbələr arasında millətçilik ideyaları yaymaqda təqsirli bilinərək həbs edilir. Təxminən bir ildən artıq həbsdə qaldıqdan sonra azad edilir və həmin il Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayır.
1988 – cu ildə xalq hərəkatına qoşulur və bir il sonra Azərbaycan Xalq Cəbhəsinin sədri seçilir. 1992 – ci ildə prezident Ayaz Mütəllibovun ölkədən birdəfəlik tərk etməsindən sonra keçirilən prezident seçkilərinə demokratik qüvvələrin vahid namizədi kimi qatılır və qalib gəlir.
…Çox həssas bir dövrdə və təcrübəsiz bir komanda ilə hakimiyyətə gələn Əbülfəz Elçibəy cəmi bir il hakimiyyətdə qala bilir. Qarabağ cəbhəsindəki uğursuzluqlar , xarici və daxili siyasətdə buraxılan səhvlər onun və komandasının gedişini sürətləndirdi.
Hakimiyyətdən getdikdən sonra bir müddət doğma kəndində yaşayan Əbülfəz Elçibəy 1997 – ci ildə Bakıya qayıdır və ömrünün sonuna qədər Azərbaycan Xalq Cəbhəsinin sədri vəzifəsini icra edir.
O, 2000 – ci il 22 avqust tarixdə Ankara şəhərində xərçəng xəstəliyindən vəfat etmişdir.
Xəqani
Gununsesi.info