
Avropa Parlamenti sentyabrın 19-da Avropa İttifaqı ölkələrini Ukraynanın onların verdikləri silahlarla Rusiya ərazisindəki legitim hərbi hədəfləri vurmasına qoyulmuş məhdudiyyətləri qaldırmağa çağıran qətnamə qəbul edib.
Gununsesi.info xəbər verir ki, tövsiyə səciyyəsi daşıyan qətnamənin leyhinə 425, əleyhinə 131 səs verilib.
Daha 63 Avropa deputatı bu məsələdə bitərəf qalıb.
Qətnamə mətnində deyilir ki, bu məhdudiyyətlər qaldırılmasa, Ukrayna özünümüdafiə hüququndan tam istifadə edə bilməyəcək və Rusiyanın mülki hədəflərə zərbələri də daxil, hücumlarının qarşısında gücsüz qalacaq.
Qətnamədə habelə Avropa İttifaqı ölkələrinin Ukraynaya hərbi yardımlarının həcmlərindəki azalmadan narahatlıq ifadə olunur. Sənəddə ayrıca olaraq Ukraynaya Almaniya istehsalı Taurus raketlərinin verilməsinə çağırış edilir. Berlin bunu etməkdən israrla boyun qaçırır.
Deputatlar hesab edirlər ki, Aİ-nin NATO-ya üzv ölkələri Ukraynanı hərbi cəhətdən dəstəkləmək öhdəliyi götürməli və öz illik ÜDM-lərinin azı 0.25 faizini buna xərcləməlidirlər.
Moskvada Avropa Parlamentinin qətnaməsinə ilk reaksiyanı Dövlət Dumasının spikeri Vyaçeslav Volodin verib.
O deyib ki, Avropa Parlamentinin çağırışlarına əməl olunması nüvə silahından istifadə ilə dünya müharibəsinə səbəb ola bilər.
Volodin vurğulayıb ki, Rusiyanın Sarmat raketi Strasburqa 3 dəqiqə 20 saniyəyə çata bilər.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl demişdi ki, NATO üzvləri Ukraynaya Rusiya ərazisini raketlərlə vurmaq icazəsi versələr, bu, artıq NATO-nun Rusiya ilə müharibədə olması anlamına gələcək.
NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Putin bundan əvvəl də “qırmızı cızıqların” keçilməsi ilə hədələyib, lakin bu hədələr heç vaxt gerçəkləşməyib.
Gununsesi.info