
Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA), İsrail ordusunun 11 aydan çoxdur hücumlarını davam etdirdiyi Qəzzada xalqın orta hesabla iki gündən bir yemək yeyə biləcəyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA), İsrailin hücumları nəticəsində didərgin düşən fələstinlilərin sayının 2 milyona çatdığını və qidaya ehtiyacı olduqları ilə bağlı açıqlama verib.
Norveç Qaçqınlar Şurası (NRC) və digər təşkilatların məlumatlarına görə, ehtiyac duyulan ərzaq yardımının yüzdə 83-nün Qəzza zolağına çatdırıla bilmədiyi vurğulanıb.
Qeyd olunub ki, Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) və tərəfdaşları qida çatışmazlığının təsirlərini azaltmaq üçün uşaqlara yüksək enerjili peçenyelər paylayıblar.
Qeyd edək ki, İsrailin qadağaları səbəbindən Qəzzada bir çox insan qida, su, gigiyena materialları və sığınacaq kimi əsas ehtiyaclara çata bilmir.
Qəzza hökumətinin Media Ofisindən verilən məlumata görə, bölgədə aclıqdan 36 fələstinli həyatını itirib, 3500 uşaq isə qida çatışmazlığı və yetərsiz qidalanma səbəbindən ölüm riski ilə üzləşib.
Qida Böhranına Qarşı Qlobal Şəbəkə tərəfindən hazırlanan Qlobal Qida Böhran Hesabatında, İsrailin hücumları altında olan Qəzza zolağının Qlobal Qida Böhranları Hesabatı tarixindəki “ən ağır qida böhranından əziyyət çəkən yer” olaraq qaldığı ifadə edilib.
BMT-nin Qida Haqqı üzrə Xüsusi Məruzəçisi Michael Fakhri İsraili Qəzzadakı fələstinlilərə qarşı “aclıq kampaniyası” aparmaqda günahlandırıb. O, Qəzzadakı fələstinlilərin 2023-cü ilin dekabrından etibarən qıtlıq və aclıqdan əziyyət çəkən dünya əhalisinin 80 faizini təşkil etdiyini vurğulayıb.
Günel Həsənova Gununsesi.info