HƏMAS-ın hərbi və siyasi liderləri: Onlar kimlərdir – FOTO

Oktyabrın 7-də HƏMAS-ın həyata keçirdiyi hücumdan sonra İsrail “Həması yox etmək” məqsədini açıqladı və bunun təşkilat liderlərinin arxasınca getdiyini açıqlayıb.

Qəzzaya nəzarət edən təşkilatın liderlərinin çoxu ictimaiyyət arasında görünməməyə çalışır və İsrailin sui-qəsd cəhdlərindən uzaq durmağı hədəfləyir.

Gununsesi.info HƏMAS-da ən yüksək vəzifəli şəxslərin siyahısını təqdim edir:

İsmail Haniye

1980-ci illərdən bəri hərəkatın əsas fiqurlarından sayılan İsmail Haniye HƏMAS lideri olaraq qəbul edilir.

İsrail 1989-cu ildə ilk Fələstin üsyanı zamanı Haniyeni 3 il həbs cəzasına məhkum etmişdi.

O, 1992-ci ildə həbsdən azad edilib və İsraillə Livan arasındakı sahibsiz torpaqlara sürgün edilib. Bir çox Həmas liderləri də onun yanında olub.

Sürgündən sonra Qəzzaya qayıdıb. 1997-ci ildə o, HƏMAS-ın ruhani liderinin ofisinin rəhbəri vəzifəsinə təyin edilib və təşkilat daxilində mövqeyini möhkəmləndirib.

Haniye 2006-cı ildə HƏMAS-ın seçkilərdə qələbəsindən sonra Fələstin lideri Mahmud Abbas tərəfindən baş nazir təyin edilib. Lakin o, bir il sonra, Qəzzada Fəth və HƏMAS arasında bir həftə davam edən qanlı hakimiyyət mübarizəsinin sonunda vəzifəsindən uzaqlaşdırılıb.

Haniye vəzifəsindən uzaqlaşdırılamsının “konstitusiyaya zidd” olduğunu əsas gətirərək qəbul etməyib. O, Qəzzanı idarə etməyə davam edərək, hökumətinin “Fələstin xalqına qarşı milli məsuliyyətlərindən əl çəkməyəcəyini” deyib.

O, 2017-ci ildə HƏMAS-ın siyasi lideri təyin edilib.

2018-ci ildə ABŞ Dövlət Departamenti Haniyeni terrorçu elan edib.

61 yaşlı Haniyə son bir neçə ildə Qətərdə yaşayır.

Yəhya Sinvar

HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar 1962-ci ildə anadan olub.

Sinvar HƏMAS-ın daxili təhlükəsizlik xidməti olan Məcidi təsis edib. Bu xidmətin məqsədi İsrail agentləri olduğu düşünülən insanları müəyyən etməkdir.

61 yaşlı Sinvar üç dəfə həbs edilib. O, 1988-ci ildə sonuncu həbsindən sonra dörd dəfə ömürlük həbs cəzasına məhkum edilib.

O, HƏMAS tərəfindən qaçırılan və 4 il əsir saxlanılan İsrail əsgəri Gilad Şalidin qarşılığında azad edilən 1027 məhbus arasında idi.

Həbsdən sonra Sinvar HƏMAS-ın liderliyindəki yerini bərpa edib və 2017-ci ildə Qəzzada ən yüksək siyasi lider təyin edilib.

ABŞ 2015-ci ildə Sinvarın adını “beynəlxalq terrorçular” siyahısına əlavə edib.

Muhəmməd Deyif

Muhəmməd Deyif HƏMAS-ın İzzəddin əl-Qəssam briqadaları kimi tanınan hərbi qanadının lideridir.

Fələstinlilər onu “Düha” olaraq təsəvvür edir, israillilər üçün isə Deyif  “doqquz canı olan pişik” kimi təsvir edir.

O, 1989-cu ildə məqsədi İsrail əsgərlərini əsir götürmək olan İzzəddin əl-Qəssam briqadaları yaradıldıqdan sonra həbs edilib.

Sərbəst buraxıldıqdan sonra o, İsraillə Qəzza arasında HƏMAS döyüşçülərinin keçməsinə imkan verən tunellərin tikintisinə təşəbbüs göstərib.

Deyif İsrailin ən çox axtarılanlar siyahısının başında gələn adlardan biridir.

O, 1996-cı ildə avtobus partlayışlarını planlaşdırmaqda və İsrail əsgərlərinin edam edilməsinə göstəriş verməkdə ittiham olunur.

2000-ci ildə həbsdə olan Deyif ikinci Fələstin üsyanı zamanı həbsxanadan qaça bilib.

O, qaçdıqdan sonra arxasınca çox az iz buraxıb. Onun məlum olan fotoşəkli var. Biri çox köhnə, ikincisi maska, üçüncüsü isə onun kölgəsinə aiddir.

Onu hədəf alan sui-qəsdlərin ən mühümü 2002-ci ildə baş verib və bu hadisədə bir gözünü itirib.

İsrailin məlumatlarından aydın olur ki, Deyif bu hücumda bir əlini və ayağını itirib və danışmaqda çətinlik çəkir.

2014-cü ildə sui-qəsd cəhdində Deyif sağ qalıb, lakin həyat yoldaşı və iki uşağı öldürülüb.

Mərvan İsa

“Kölgə Adam” kimi tanınan Mərvan İsa Məhəmməd Deyifin sağ əli və İzzəddin əl-Qəssam briqadalarının iki nömrəli adamıdır.

O, ilk Fələstin qiyamında HƏMAS ilə əlaqələrini əsas gətirərək 5 il həbsdə saxlanılıb.

Fələstin administrasiyası 1997-ci ildə İsanı həbs edib, lakin 2000-ci ildə ikinci qiyamdan sonra azad edilib.

İsrailin ən çox axtarılanlar siyahısında olan İsa 2006-cı ildə sui-qəsd cəhdindən sağ çıxıb.

2014 və 2021-ci illərdə Qəzzaya hücumlar zamanı İsrail döyüş təyyarələri onun evini iki dəfə bombalayıb.

2011-ci ilə qədər İsanın necə göründüyü məlum deyildi. O, bu il girov mübadiləsi zamanı çəkilmiş fotoda yer alıb.

Onun İsrailə son hücum da daxil olmaqla əməliyyatlarda aparıcı rollardan birini oynadığı güman edilir.

Xalid Meşal

1956-cı ildə İordan çayının qərb sahilində anadan olan Xalid Meşal HƏMAS-ın qurucularından biri hesab olunur.

1997-ci ildə o vaxt baş nazir olan Benyamin Netanyahunun birbaşa göstərişi ilə İsrail Xarici Kəşfiyyat Xidməti (Mossad) tərəfindən İordaniyada Meşala qarşı sui-qəsd cəhdi edilib.

Kanada pasportu ilə İordaniyaya daxil olan Meşala yolda gedərkən şprislə zəhər vurulub.

İordaniya səlahiyyətliləri sui-qəsd cəhdini aşkar edib və iki Mossad agentini həbs edib.

İordaniya kralı Hüseyn o zaman İsrailin baş nazirindən Meşala vurulan maddəyə qarşı antidot istəyib. O zaman ABŞ prezidenti olan Bill Klintonun təzyiqindən sonra Netanyahu əvvəlcə rədd etdiyi bu istəyi yerinə yetirib.

Qətərdə yaşayan Meşal Qəzza zolağına ilk dəfə 2012-ci ildə səfər edib. Burada onu küçələrə çıxan fələstinlilər qarşılayıb.

İsmail Haniye 2017-ci ildə Meşaldan sonra təşkilatın siyasi lideri təyin edilib. Bu təyinatdan sonra Meşal HƏMAS-ın beynəlxalq təşəbbüslərinin rəhbəri təyin edilib.

Mahmud Zahar

Mahmud Zahar 1945-ci ildə Qəzzada anadan olub. Onun atası fələstinli və anası misirlidir.

O, HƏMAS-ın ən tanınmış üzvlərindən biri hesab olunur və hərəkatın siyasi rəhbərliyində yüksək səviyyəli fiqurlardan biridir.

Qahirədə universitetə ​​getmiş, daha sonra Qəzzada və Xan Yunisdə həkim işləyib. İsrail hakimiyyəti onu siyasi mövqeyinə görə vəzifəsindən azad edib.

1988-ci ildə İsraildə həbs edilən Zahar 1992-ci ildə sahibsiz torpaqlara sürgün edilən adlar arasında idi.

HƏMAS Qəzzaya nəzarəti ələ keçirdikdən sonra Haniye hökumətində xarici işlər naziri vəzifəsinə təyin edilib.

İsrail 2003-cü ildə Zaharın evinə hava hücumu zamanı onu öldürməyə cəhd edib.

Bu hücumda o, yüngül yaralanıb, lakin böyük oğlu Xalid həlak olub.

Digər oğlu Hossam isə 2008-ci ildə Qəzzaya endirilən hava hücumunda öldürülüb.

Gununsesi.info