
14 yaşlı 9-cu sinif şagirdi 2 illik çabadan sonra yeni asteroid kəşf edib. NASA-nın yoxlama prosesindən sonra o, tapdığı asteroidin adını müəyyən edəcək.
Gununsesi.info sözcü.com.tr -yə istinadən xəbər verir ki, Hindistanın Noida əyalətində yaşayan 14 yaşlı Daksh Malik təxminən 1,5 illik səylərdən sonra asteroid kəşf edib.
Müvəqqəti olaraq “2023 OG40” adı verilən asteroid NASA tərəfindən yoxlama prosesi başa çatdıqdan sonra Malik tərəfindən müəyyən edilən adla xatırlanacaq.
Shiv Nadar məktəbinin 9-cu sinif şagirdi olan Daksh planetlər və günəş sistemi ilə bağlı sənədli filmlərə baxaraq kosmosa olan həvəsini inkişaf etdirib. Malik “The Print”ə müsahibəsində: “Uşaqlıqdan kosmosa heyran olmuşam. National Geographic-də planetlər və günəş sistemi ilə bağlı bütün sənədli filmləri izəyirdim. Bu, gerçəkləşən bir arzudur”, – deyib.
2022-ci ildə Daksh və məktəbdəki dostları NASA ilə əlaqəli bir təşəbbüs olan Beynəlxalq Astronomiya Tədqiqatları Əməkdaşlıq Təşkilatı (IASC) çərçivəsində təşkil edilən layihəyə qatıldılar. Bu proqram tələbələrə və həvəskarlara NASA məlumat dəstlərini təhlil edərək potensial göy cisimlərini axtarmaq imkanı təklif etdi. Layihə haqqında danışan Daksh:”Bu işi görmək həqiqətən də əyləncəli idi. Asteroidləri axtararkən özümü NASA-da işləyən biri kimi hiss etdim”, – deyə bildirib.
Günel Həsənova