
Abşeron rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Gununsesi.info xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin üzvü Rizvan Nəbiyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nizami Zalov, şəhid ailələri və rayonun təhsil ocaqlarının əməkdaşları iştirak edib.
Abdin Fərzəliyev Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təhsil işçilərini təbrik edərək ölkəmizdə, o cümlədən Abşeron rayonunda görülən işlərdən söz açıb. RİH başçısı bildirib ki, ümummilli lider Heydər Əliyev daim təhsil işçilərinə böyük diqqət və qayğı ilə yanaşıb.
Bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Abdin Fərzəliyev bildirib ki, ölkədə təhsil sektorunun inkişaf etdirilməsi dövlətin prioritet sahələrindəndir. Qeyd edilib ki, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək xalqımız tərəfindən böyük rəğbət və sevgi ilə qarşılanır.
Sonra Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova çıxış edərək rayonda təhsilin inkişafı sahəsində qazanılmış uğurlardan, təhsilin keyfiyyətini yüksəltmək istiqamətində, o cümlədən qarşıda duran vəzifələrdən danışıblar.
Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən fəaliyyətində fərqlənən bir qrup təhsil işçisinə və Abşeron rayonu Şəfəq qəsəbəsində fəaliyət göstərən körpələr evi-uşaq bağçasına Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Sonda Abşeron rayon orta ümumtəhsil məktəblərinin şagird və müəllim kollektivləri tərəfindən hazırlanan bədii hissə təqdim olunub.









