ABŞ Rusiyaya çiplərin tədarükünü qadağan edəcək

ABŞ yarımkeçirici çiplərin Amerika texnologiyası və ya avadanlığı ilə istehsal edildiyi təqdirdə üçüncü ölkələr vasitəsilə Rusiyaya tədarükünü qadağan edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatlı mənbələr Bloomberg-ə bildiriblər.

Məlumata görə, sanksiyalar çip istehsalçıları və satıcıları üçün ixrac lisenziyalarına yeni tələblər təqdim edəcək. Hər dəfə satışdan əvvəl onlar ABŞ Ticarət Nazirliyinə lisenziya almaq üçün müraciət etməli və daşınmanın hərbi məqsədlər üçün nəzərdə tutulmadığını sübut etməli olacaqlar.

Bildirilir ki, Birləşmiş Ştatlar üçüncü tərəf satıcılarını müəyyənləşdirəcək və onlara Amerika istehsalı olan çipləri Rusiyaya göndərməyin qadağan olunduğu barədə xəbərdarlıq edəcək.

Məlumata əsasən Rusiya ilə işləməyə davam edən mikroelektronika və çip satıcılarının əksəriyyəti Çində yerləşir. Agentliyin məlumatına görə, Rusiya təkcə ötən il 1 milyard dollar dəyərində qabaqcıl çiplər idxal edib ki, Moskva onlardan döyüş meydanında raketlər və digər kritik silahlar üçün istifadə edə bilər.

Bloomberg mənbələrinə görə, Vaşinqton Rusiyaya çip təmin etməkdə şübhəli bilinən səkkiz Honq-Konq şirkəti qara siyahıya salmağı planlaşdırır.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi yeni məhdudiyyətlərin hazırlandığını təsdiqləyib.

Onun sözlərinə görə, sanksiyalar Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə üçün mal almağa kömək edən şirkətləri və şəbəkələri hədəf alacaq.

 

 

Şəbnəm

Gununsesi.info