
Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirən sabiq deputat Hüseyn Abdullayevin anası xəstəxanaya yerləşdirilib.
Bu barədə Gununsesi.info-ya onların ailəsindən bildirilib.
Məlumata görə, Abdullayevin aclıq xəbərini eşidən anası Zeynəb Abdullayeva hazırda Bakıdakı Diaqnostika Mərkəzinə yerləşdirilib.
Yaxınlarının verdiyi məlumata əsasən, oğlunu bu addımından çəkindirə bilməyən ana özü aclığa başlayıb:
“Bu gün səhər saatlarında halı pisləşən Zeynəb Abdullayeva Diaqnostika Mərkəzinə yerləşdirilib”– deyə yaxınları əlavə edib.
6 illik cəza müddətini başa vuran Abdullayev azadlığa çıxmasına bir ay qalmış yeni ittihamlar ilə üzləşib.
O, cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. Onun haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, beynəlxalq təşkilatlar Hüseyn Abdullayevi siyasi məhbus kimi tanıyır.
Gununsesi.info