
Vyetnamın paytaxtı Hanoyda məhkəmə Laos sərhədindən narkotik qaçaqmalçılığı ilə bağlı 11 şübhəlini ölüm cəzasına məhkum edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Asiya ölkəsi Vyetnamda narkotik qaçaqmalçılığı ilə bağlı işdə 11 müttəhim edam cəzasına məhkum edilib. Dövlət mətbuatında çıxan xəbərlərə görə, müttəhimlər arasında iki polis məmuru var və Laos sərhədindən narkotik qaçaqmalçılığı cinayəti sübuta yetirilib.
Paytaxt Hanoyda keçirilən məhkəmə prosesi iki gün davam edib. Hakim qarşısına çıxan müttəhimlər 2019-cu ildə narkotik vasitələrin, o cümlədən 140 kiloqram metamfetamin və narkotik həblərin qaçaqmalçılığında təqsirli biliniblər.
VNExpress xəbər saytının məlumatına görə, 42 yaşlı banda lideri Nguyen Thi Kim Huonq ölüm cəzası əvəzinə ömürlük həbs cəzasına məhkum edilib. Dəstə başçısının cəzasının yüngülləşdirilməsinin səbəbi “körpə böyütmək” kimi izah edilib.
Qeyd edək ki, Vyetnam iyun ayında casusluq, korrupsiya və hökuməti devirməyə cəhd də daxil olmaqla səkkiz cinayətə görə ölüm hökmünü ləğv edib. Narkotik qaçaqmalçılığı bu səkkiz cinayət arasında olmayıb.
Orxan