
Bakıda Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində yekun konfrans keçirilib.
Gununsesi.info xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir.
Konfransda Azərbaycanın tanınmış vətəndaş cəmiyyəti təmsilçiləri, Milli Məclisin deputatları və Media qurumlarının rəhbərləri iştirak edib.
Təşkilatın rəhbəri İlqar Hüseynli tərəfindən layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər təqdim olunub. O bildirib ki, layihə may ayının 1-dən icra olunmağa başlayıb. Bu müddət ərzində ekspert görüşü, İcma ilə görüş, Beynəlxalq konfrans (Belarus-Minsk), İmişli icması ilə Dəyirmi Masa, Beyləqan icması ilə Dəyirmi Masa, Bakı Konfransı həyata keçirilib, tədqiqatların və hesabatların hazırlanması prosesi davam etməkdədi:
“Layihənin icrası dövründə 6 Press-reliz, 2 reels video, foto və videoçəkilişlər hazırlanıb. Azərbaycanda fəaliyyət göstərən saytlarda və mətbu orqanlarında 34 informasiya yayımlanıb. Sosial Şəbəkə hesablarında-8 paylaşma, Beynəlxalq Mətbuatda-2 informasiya, sosial platformada 2 paylaşım edilib və ümumilikdə 20 minə yaxın baxış sayı mövcuddur. Layihə fəaliyyətlərinin gələcəkdə də davam etdirilməsi, Milli Məclis-QHT əməkdaşlığının gücləndirilməsi istiqamətdə fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulub”.
Daha sonra Milli Məclisin deputatı Vüqar İsgəndərli Qərbi Azərbaycana qayıdış proseslərinin Milli və Beynəlxalq hüquq prinsiplərinə adaptasiya olunması barədə fikir bildirdi:
“Qərbi Azərbaycana qayıdış 100 minlərlə soydaşımızın legitim hüqüqudur və bu istiqamətdə bütün səylər birləşdirilməlidir”.
Milli Məclisin deputatı İctimai Birliklərlə iş üzrə komitənin üzvü Azər Allahverənov qayıdışın necə və hansı şərtlər altında olmasını, təhlükəsiz və ləyaqətli geridönüş prinsiplərini səsləndirib:
“Qərbi Azərbaycana qayıdış ümumilli mənafe kimi qəbul olunmalıdır. Bu ölkə rəhbəri tərəfindən irəli sürülmüş əhəmiyyətli və strateji məqsədli prosesdir”.
Azər Allahverənov həmçinin qeyd etdi ki, ermənidilli seqmentlərdə ciddi işləmək, xüsusilə gənclərin bu proseslərdə iştirakına dəstək verilməlidir.
Tanınmış Qazi, ictimai fəal Rey Kərimov təklif etdi ki, Qərbi Azərbaycana qayıdış məsələləri ilə məşğul olan ayrıca bir təşkilat yaradılsın və bu fəaliyyətlərin çevik və dinamikliyini təmin etsin.
QHT rəhbəri İradə Rzazadə QHT-lərlə, Qərbi Azərbaycan icması arasında əməkdaşlığın gücləndirilməsi və fəaliyyətlərin dəstəklənməsini təklif etdi.
QHT rəhbəri Mahirə Əmirhüseynova bildirdi ki, bu istiqamətdə fəaliyyətlər davamlı olmalıdır və QHT-lər qayıdış prosesində əməkdaşlığı gücləndirməlidirlər.
Daha sonra Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev təhlil olunmuş, hüquqi cəhətdən əsaslandırılımış təkliflərlə çıxış etdi:
“Tarixin hüquqi və əsaslı təhlili aparılmalı, detallı sənədlər hazırlanmalıdır. Məzarlıqların, müqəddəs yerlərin və toponimlərin xəritələşdirilməsi aparılmalıdır. Qlobal Cənub Platforması ilə də fəal iş aparılmalıdır.
Tədbirdə həmçinin Qarabağ Qaziləri Birliyinin sədri Asəf Əliyev, QHT rəhbərləri Mirəli Hüseynov, Səadət Yaqubova, Ramil Əliyev, Zülfiyyə Nuriyeva, Vüsalə Hüseynli, Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin sədri İsgəndər Sərdarlı, Media rəhbərləri Aqil Camal və Cəsarət Hüseynzadə əhəmiyyətli təkliflər səsləndirdilər.