Xəbər verdiyimiz kimi Elçin Usubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.
Usubovun vəzifəsini itirməsindən dərhal sonra onun haqqında müxtəlif neqativ iddialar mətbuatda yayılmağa başladı. Məlum olub ki, Elçin Usubov fəaliyyəti dövründə bir sıra neqativ işlərə yol verib.
Onun “vurulmasında” çoxsaylı vətəndaş şikayətlərinin də rolunun olduğu deyilir.
Elçin Yusubovun vəzifədən uzaqlaşdırılması Azərbaycanda yeni yaradılan bu institutun faəliyyətinə nəzər salmağı zəruri edib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində xüsusi nümayəndəlik institutunun yaradılması idarəetmənin əlaqələndirilməsi, bərpa və quruculuq işlərinin sürətləndirilməsi, dövlət qurumlarının fəaliyyətinin uzlaşdırılması və müəyyən edilmiş inkişaf hədəflərinin reallaşdırılması baxımından mühüm idarəçilik mexanizmidir.
Xüsusilə işğaldan azad edilmiş ərazilərdə idarəetmə, infrastrukturun bərpası, iqtisadi fəallığın artırılması və insanların doğma yurdlarına qayıdışı kimi mürəkkəb proseslər vahid koordinasiya tələb edir.
Bu işi İlham Əliyev ona görə həmin rayonların icra başçılarına tapşırmadı ki, onlara cəmiyyətdə və dövlətdə inam yoxdur.
Əksər icra başçıları rüşvətxor və korrupsionerdir. Ona görə də işğaldan azad edilmiş bölgələrin yenidən qurulması və idarəçiliyi Xüsusi Nümayəndəlik İnstitutuna verildi. Ona görə də vətəndaş əvvəlki idarəçilik modelindən narazı olduğu üçün yeni mexanizmdən daha ədalətli münasibət gözləyirsə, həmin gözləntinin doğrulması xüsusi nümayəndəliyin fəaliyyətinin əsas meyarlarından biri olmalıdır.
Yeni institut köhnə idarəçilik vərdişlərini təkrarlamaq üçün deyil, onları aradan qaldırmaq üçün fürsətdir.
Elçin Yusubovun fəaliyyəti ilə bağlı apardığımız araşdırma zamanı məlum olub ki, o elə Xankəndinin öz sakininin də hüquqlarını pozaraq, ona böyük məbləğlərdə maddi zərər vurub.
Söhbət Xankəndi sakini Səfər Salmanovun “Xan Araz” restoranı ətrafında yaranmış mübahisədən gedir.
Səfər Salmanov mediaya müraciətində restorana 200 min manatdan artıq vəsait yatırdığını, obyektin təmirinə və fəaliyyətə hazırlanmasına xərc çəkdiyini bildirib. Onun iddiasına görə, Elçin Usubov obyekti onun əlindən almaqdan ötrü birdən-birə icarə pulunu dəfələrlə qaldırıb.
Halbuki, mövcud qanunvericiliyə görə icarə pulunu birdən birə bu qədər artırmaq yolverilməzdir.
Hüquqi addımlara gedən sahibkar sonradan obyekti ilə vidalaşmalı olub.
Səfər Salmanov hazırda hüquqlarını qorumaq üçün müxtəlif dövlət qurumlarına müraciət etməli olub və məsələ məhkəmə mübahisəsinə çevrilib.
Bu durum həm Xankəndinin, həm də digər azad edilmiş bölgələrin gələcəyinin yalnız yolların, binaların və inzibati obyektlərin tikintisi ilə müəyyənləşmədiyini ortaya çıxarır.
Şəhərin dayanıqlı inkişafı orada iqtisadi həyatın canlanmasından, sahibkarların fəaliyyət imkanlarından və yerli sakinlərin öz gələcəklərini həmin şəhərdə qurmaq perspektivindən də asılıdır.
Əgər bir vətəndaş doğma şəhərində sahibkarlıq fəaliyyəti qurmaq üçün ciddi vəsait yatırırsa, onun qarşılaşdığı problemlər yalnız şəxsi mübahisə kimi qiymətləndirilməməlidir. Belə halların idarə olunması dövlətin sahibkarlığa münasibəti və vətəndaş hüquqlarının qorunması barədə ictimai təsəvvürə təsir edir.
Prezidentin etimadını qazanmaq mühüm məsuliyyətdir. Həmin etimadı doğrultmağın əsas meyarı isə vəzifəli şəxsin nə qədər səlahiyyətə malik olması deyil, bu səlahiyyətdən dövlətin və vətəndaşın mənafeyi naminə necə istifadə etməsidir.
Əgər xüsusi nümayəndələr də icra başçılarının yolunu gedəcəksə, o zaman bu instituta da ictimai etimad öləcək.
Elçin Usubovun “vurulmasında” bir məqam da özünü göstərdi. Belə ki, onun haqqında şikayətlərin artması, dərhal yola salınması ilə nəticələndi. Halbuki, elə icra başçıları var ki, onlardan narazılıq illərdən bəri davam edir. Amma yenə də öz postlarında qalıblar.
Demək ki, ölkə rəhbəri yeni təsis etdiyi bu institutun başında duranlara qarşı güzəştsiz mövqedədir.
Afət Abbasova
Gununsesi.info











