“Kitabxanaçıları ixtisar edir, sonra da kitab sərgisi keçirir” – Sabiq deputatdan nazirə ittiham

  • Müəllif: Firuzə
  • 22 Oktyabr 2026 12:33

Milli Məclisin sabiq deputatı, tanınmış ictimai xadim Etibar Əliyev Bakıda təşkil olunan kitab sərgisi fonunda Azərbaycanda kitabxanaların vəziyyətinə diqqət çəkib və mədəniyyət naziri Adil Kərimovu tənqid edib.

Gununsesi.info  xəbər verir ki, Etibar Əliyev ölkədə kitabxanaların bağlanmasını, kitabxanaçıların ixtisar edilməsini və kitab mağazalarının fəaliyyətinə yetərincə diqqət göstərilməməsini gündəmə gətirib. O, kitabxana infrastrukturunun zəiflədiyi bir vaxtda kitab sərgisinin keçirilməsini ironik şəkildə tənqid edib.

Rəsmi statistikada da kitabxana işçilərinin sayında azalma qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən yaydığı xəbərə görə, 2024-cü ildə Azərbaycanda kütləvi kitabxanalarda 6 978 işçi çalışdığı halda, 2025-ci ildə bu rəqəm 6 637 nəfər olub. Beləliklə, bir il ərzində işçilərin ümumi sayı 341 nəfər azalıb. Həmin dövrdə kütləvi kitabxanaların sayı da 2 914-dən 2 907-yə düşüb.

Qeyd edək ki, statistikadakı azalma bütün hallarda işçilərin məhz ixtisar edilməsi demək deyil. Bununla belə, rəqəmlər kitabxana sistemindəki kadr və infrastruktur məsələlərinin müzakirəsini aktuallaşdırır.

Etibar Əliyevin tənqidinin mahiyyəti də məhz bu ziddiyyətə yönəlib: bir tərəfdən kitabxanaçıları ixtisar edir, sonra da kitab sərgiləri təşkil edir.

Kitab sərgilərinin keçirilməsi, əlbəttə, kitabın və mütaliənin təbliği baxımından əhəmiyyətlidir. Lakin kitab mədəniyyətinin inkişafı yalnız sərgilərlə məhdudlaşmır. Kitabxanaların qorunması, kitabxanaçıların əmək hüquqlarının müdafiəsi, kitab mağazalarının dəstəklənməsi və oxucuların kitaba əlçatanlığının artırılması da bu siyasətin ayrılmaz hissəsi olmalıdır.

Etibar Əliyevin nazir Adil Kərimova yönəltdiyi tənqidin əsas sualı belədir: kitabxanaların və kitabxanaçıların gələcəyi ilə bağlı problemlər həllini gözlədiyi halda, keçirilən sərgilər ölkədə kitab mədəniyyətinin davamlı inkişafına nə dərəcədə xidmət edir?

Sabiq deputatın paylaşımında səsləndirdiyi ironik ifadə isə belədir: “Dualarınızı əsirgəməyin. Kitab köməyi olsun!”

Firuzə Mahmudova 

Gununsesi.info