2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 831,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azdır.
Gununsesi.info xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, ölkəyə gələnlərin 27,1 faizini Rusiya, 19,4 faizini Türkiyə, 7,7 faizini İran, 4,9 faizini Gürcüstan, 4,5 faizini Qazaxıstan vətəndaşları təşkil edib.
Sonrakı yerlərdə İsrail (3,7 faiz), Pakistan (3,5 faiz), Özbəkistan (3,1 faiz), Çin (2,8 faiz), Hindistan (2,6 faiz) və Səudiyyə Ərəbistanı (2,4 faiz) qərarlaşıb.
Hesabat dövründə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər olub.
Azərbaycana gələnlərin 73,5 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,3 faizi dəniz nəqliyyatından istifadə edib.
Yanvar-sentyabr aylarında xaricə gedən Azərbaycan vətəndaşlarının sayı da azalıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 1 milyon 575,3 min nəfər təşkil edib.
Vətəndaşlarımızın ən çox üz tutduğu ölkə Türkiyə olub. Xaricə gedənlərin 44 faizi Türkiyəyə, 14,6 faizi Rusiyaya, 13 faizi Gürcüstana, 5,1 faizi İrana, 23,3 faizi isə digər ölkələrə səfər edib.
Türkiyəyə gedənlərin sayı 2,3 faiz, Gürcüstana gedənlərin sayı 17,6 faiz artıb. Rusiyaya səfər edənlərin sayı 2 faiz, İrana gedənlərin sayı isə 44,5 faiz azalıb.
Xaricə gedən Azərbaycan vətəndaşlarının 70,4 faizi hava, 27,6 faizi dəmir yolu və avtomobil, 2 faizi dəniz nəqliyyatından istifadə edib.












