Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfər edib-etməyəcəyi ilə bağlı müzakirələr son günlər diqqət mərkəzindədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevə telefonla zəng edərək onu Ankaraya dəvət etməsi bu müzakirələri yenidən aktuallaşdırıb.
Telefon danışığı zamanı tərəflər Azərbaycan-Türkiyə əlaqələrini, regional və qlobal məsələləri müzakirə edib, əməkdaşlığın daha da inkişaf edəcəyinə əminlik ifadə ediblər.
Son hadisələrin fonunda Azərbaycan Prezidentinin Türkiyəyə mümkün səfəri ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Məsələ ilə bağlı Gununsesi.info-ya Xalq şairi Sabir Rüstəmxanlı danışıb.
O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurması müdrik və yerində olan bir addımdır:
“Çünki iki qardaş ölkə arasındakı münaqişələrin dərinləşməsini nə Türkiyə prezidenti istəyər, nə də Azərbaycan prezidenti. Ola bilsin, bizə məlum olmayan müəyyən soyuqluqlar, müəyyən hadisələr olub. Arada da nə qədər ara qarışdıran olduğunu görürük. Sanki fürsət gözləyirmiş kimi. Türk düşmənləri düşüblər ortaya, çalıb oynayırlar. Sanki elə bil, belə də davam eləyəcək. Elə bir yerə gətirirlər ki, hətta Ermənistan da deyir ki, biz arada vasitəçilik edə bilərik. Rəzalətdir də, bundan ağır bir şey olmaz. Mən ilk gündən demişəm, Türkiyədə də bəyan eləmişdim. Kayserinin Talas bölgəsində keçirilən şeir bayramında demişdim ki, Türkiyə prezidenti ilə Azərbaycan prezidenti bir araya gəlib bu məsələni tezliklə həll eləməlidirlər”, – deyə o qeyd edib.
Sabir Rüstəmxanlı, o cümlədən, deyib:
“Mövqeyim daimi belə olub. Bir neçə dəfə eyni mövqedən televizorda, ekranlarda çıxış eləmişəm. Və bundan sonra da bu mövqe dəyişilməzdir. Hətta mənə müəyyən dairələrdən deyiblər: “Dövlətimizin marağı, xahiş edirəm, marağını nəzərə alın”. Mənim düşüncəmə görə, elə dövlətimizin marağı Türkiyə ilə Azərbaycan münasibətlərinin pozulmamasıdır. Ona görə də mən bu mövqedə axıra kimi dayanacaqdım və indi də dayanıram. Məncə, Azərbaycan Prezidenti və sayın Ərdoğan bilirlər ki, münasibətlər bu yolla getsə, bir qırılma nöqtəsi ola bilər, sonra da onu bərpa eləmək son dərəcə çətin olar. Ona görə də bu gün dayanıb bu düşmənlərimizin ağzını yummaq, niyyətlərini gözlərində qoymaq üçün bir araya gəlmək lazımdır. Məncə, İlham Əliyev də bunun vacibliyini dərk eləyir və yəqin ayın axırında Türk Dövlətləri Təşkilatının toplantısına qatılacaq. Məncə də, elə bu gündən, dünənki zəngdən sonra artıq həm türk mətbuatında, həm Azərbaycan mətbuatında məsələlərə münasibət bir az dəyişiləcək. Çünki təəssüf ki, həm orada, həm burada küyə gedən adamlar, fürsət güdənlər çoxdur və onların ağzını yummağın ən gözəl yolu da dövlət başçılarının öz qardaşlıqlarını, dostluqlarını və tarixi məsuliyyətlərini dərk edərək öz dostluqlarını, qardaşlıqlarını davam etdirmələridir”.
Orxan












