“Azərbaycan-Türkiyə münasibətlərində problemlər liderlər diplomatiyasının rolunu önə çıxardı “

“Azərbaycana qarşı informasiya hücumları bir tərəfdən ölkəmizə təzyiq xarakteri daşıyır, digər tərəfdən Türkiyə siyasi rəhbərliyinə də təsir məqsədi güdür. Eyni zamanda Türkiyənin xarici siyasət qərarlarına ideoloji təsir etməyi hədəfləyir”.

Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Zaur İbrahimli deyib:

“2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Bu tarixi sənəd ölkələrimiz arasındakı əlaqələri, əməkdaşlığı ortaq müdafiə, təhlükəsizlik doktrinası, vahid informasiya məkanı və dərin inteqrasiyaya əsaslanan strateji müttəfiqliyin möhkəm, dayanıqlı arxitekturasını formalaşdırdı. Bununla belə, gözlənildiyi kimi, strateji müttəfiqlik, xüsusən müdafiə və hərbi-texniki əməkdaşlıq istiqamətində dərinləşdikcə həm xarici aktorların, həm də daxili maraq və siyasi qrupların əks fəaliyyəti, müqaviməti, sabotajı və təzyiqi artır.

Son dövrlərdə Azərbaycan-Türkiyə münasibətlərində müşahidə olunan problemlər liderlər diplomatiyasının həlledici rolunu bir daha ön plana çıxardı. Eyni zamanda informasiya təhlükəsizliyi, daxili siyasi qrupların fəaliyyəti və ictimai rəyin idarə olunması baxımından bir sıra vacib məsələlərdə çətinlikləri də üzə çıxardı.

21 oktyabr 2026-cı il tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə zəngi dövlət başçıları səviyyəsində strateji müttəfiqliyə sadiqliyi, qardaşlıq münasibətləri ilə bağlı möhkəm siyasi iradəni, rəsmi Bakı və Ankaranın strateji ittifaqının kifayət qədər möhkəm təməllərə malik olduğunu göstərdi. Həmçinin ölkə rəhbərləri rəsmi Bakı və Ankaranın strateji ittifaqa məhz milli maraqlar çərçivəsində yanaşdıqlarını, müttəfiqlik bağlarının kifayət qədər möhkəm olduğunu nümayiş etdirdilər. Hər iki Prezident bir daha Bakı-Ankara ittifaqının strateji əhəmiyyətinin bütün digər məsələlərdən üstün olduğunu göstərdi”.

 

 

Günay

Gununsesi.info