Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfər edib-etməyəcəyi ilə bağlı müzakirələr son günlər diqqət mərkəzindədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevə telefonla zəng edərək onu Ankaraya dəvət etməsi bu müzakirələri yenidən aktuallaşdırıb.
Telefon danışığı zamanı tərəflər Azərbaycan-Türkiyə əlaqələrini, regional və qlobal məsələləri müzakirə edib, əməkdaşlığın daha da inkişaf edəcəyinə əminlik ifadə ediblər.
Son hadisələrin fonunda Azərbaycan Prezidentinin Türkiyəyə mümkün səfəri ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Məsələyə münasibət bildirən deputat Elnarə Akimova Gununsesi.info-ya açıqlamasında bildirib ki, bu müzakirələrə emosiyalardan daha çox dövlətçilik maraqları, strateji tərəfdaşlıq və iki ölkə arasındakı münasibətlərin mahiyyəti kontekstində yanaşmaq lazımdır.
Deputatın sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı hadisələrin və sosial şəbəkələrdə yaranan mübahisələrin fövqündə dayanan tarixi-siyasi münasibətlərdir.
“Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfər edib-etməyəcəyi ilə bağlı müzakirələrə, fikrimcə, emosiyalardan daha çox dövlətçilik maraqları, strateji tərəfdaşlıq və iki ölkə arasındakı münasibətlərin mahiyyəti kontekstində yanaşmaq lazımdır. Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevə telefonla zəng etməsi və onu Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının XIII Zirvə Görüşünə dəvət etməsi iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsinin növbəti təsdiqidir. Telefon danışığında tərəflər Azərbaycan-Türkiyə əlaqələrini, regional və qlobal məsələləri müzakirə edib, əməkdaşlığın daha da inkişaf edəcəyinə əminlik ifadə ediblər. Son hadisələrin fonunda səfərin baş tutub-tutmayacağı barədə müxtəlif fikirlərin səslənməsi başadüşüləndir. Lakin hesab edirəm ki, bu məsələyə emosional reaksiyalarla yanaşmaq, səfəri getmək və ya getməmək dilemmasına çevirmək düzgün deyil. Prezident İlham Əliyevin belə bir dəvəti qəbul edib-etməyəcəyi dövlət başçısının müəyyən etdiyi siyasi gündəlikdən, diplomatik məsləhətləşmələrdən və dövlət maraqlarından asılıdır. Hazırda səfərin baş tutmayacağını iddia etmək üçün əsas yoxdur”, – deyə Elnarə Akimova bildirib.
Deputat qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri uzun illər ərzində qarşılıqlı hörmət və dəstək üzərində formalaşıb. Onun fikrincə, bu əlaqələrin mahiyyətini ayrı-ayrı hadisələrə əsaslanaraq qiymətləndirmək düzgün yanaşma deyil.
“Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı hadisələrin və ya sosial şəbəkələrdə yaranan mübahisələrin fövqündə dayanan tarixi-siyasi münasibətlərdir. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan bütün bu illər ərzində bir-birinə yüksək hörmət nümayiş etdirib, çətin və taleyüklü məqamlarda qarşılıqlı dəstək göstəriblər. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi açıq siyasi dəstək, Ərdoğanın Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən prinsipial mövqeyi bu münasibətlərin mahiyyətini bütün dünyaya göstərdi. Eyni zamanda, İlham Əliyev də Türkiyənin milli maraqlarına və dövlət başçısının mövqeyinə hər zaman hörmətlə yanaşıb, iki ölkənin birliyinin möhkəmlənməsinə xüsusi önəm verib”, – deyə deputat vurğulayıb.
Elnarə Akimova Azərbaycan-Türkiyə münasibətlərinin ən mühüm siyasi-hüquqi təzahürlərindən biri kimi Şuşa Bəyannaməsinin əhəmiyyətinə də diqqət çəkib.
“Bu münasibətlərin ən mühüm siyasi-hüquqi təzahürü 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Şuşa Bəyannaməsidir. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirən bu sənəd təhlükəsizlik, müdafiə, siyasi məsləhətləşmələr və qarşılıqlı dəstək sahələrində əməkdaşlığın əsaslarını müəyyənləşdirir. Deməli, söhbət yalnız tarixi qardaşlıqdan və mənəvi yaxınlıqdan deyil, hüquqi əsasları olan strateji müttəfiqlikdən gedir”, – deyə o bildirib.
Deputatın sözlərinə görə, “Bir millət, iki dövlət” ifadəsi Azərbaycan və Türkiyə arasındakı tarixi bağlılığın mənəvi mahiyyətini əks etdirir. Bununla yanaşı, bu prinsip bütün məsələlərə emosional yanaşmaq və hər hansı hadisəni araşdırmadan nəticə çıxarmaq kimi başa düşülməməlidir.
“”Bir millət, iki dövlət” ifadəsi də məhz bu tarixi bağlılığın mənəvi mahiyyətini əks etdirir. Ancaq bu şüar heç də bütün məsələlərə emosional yanaşmaq, hər hansı hadisəni araşdırmadan hökm vermək demək deyil. Əksinə, qardaşlıq münasibətlərini qorumaq, qarşılıqlı hörməti saxlamaq və ortaya çıxan məsələləri dövlətlərin maraqlarına uyğun şəkildə, diplomatik müdrikliklə həll etmək deməkdir. Ayrı-ayrı hadisələrə görə iki ölkə arasında strateji münasibətlərin taleyi haqqında tələsik nəticələr çıxarmaq nə Azərbaycanın, nə də Türkiyənin maraqlarına uyğundur”, – deyə Elnarə Akimova qeyd edib.
Deputat əmin olduğunu bildirib ki, hər iki ölkənin prezidenti Azərbaycan-Türkiyə münasibətlərinin həssaslığını və tarixi məsuliyyətini dərindən anlayır.
“Əminəm ki, həm İlham Əliyev, həm də Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə münasibətlərinin həssaslığını və tarixi məsuliyyətini dərindən anlayırlar. Onların qarşılıqlı hörmətə əsaslanan siyasi dialoqu bu münasibətlərin təsadüfi emosiyalarla deyil, uzunmüddətli strateji baxışla idarə olunduğunu göstərir. Bu baxımdan, əsas məsələ səfərin olub-olmamasından daha çox, Azərbaycan-Türkiyə müttəfiqliyinin qorunması və daha da gücləndirilməsidir. Çünki dövlətlər arasında münasibətlərin gücü təkcə xoş günlərdə deyil, mürəkkəb məqamlarda da qarşılıqlı etimadı və strateji məsuliyyəti qorumaq bacarığı ilə ölçülür”, – deyə deputat fikrini yekunlaşdırıb.
Orxan












