Türkiyə Qəzzaya əsgər göndərəcək? – Hakan Fidandan diqqət çəkən AÇIQLAMA

Ankara İsrail-Fələstin münaqişəsində qarantlar sisteminin yaradılması təklifi irəli sürür.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

Diplomat, eyni zamanda, bu ideyanın formalaşmasında Türkiyənin mərkəzi rolunu vurğulayıb.

Nazir hər iki tərəf razılığa gəldikdən sonra Türkiyə də daxil olmaqla bir neçə ölkənin qarant kimi çıxış etməsinin vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, qarant ölkələr bu sazişin icrasını təmin etmək üçün məsuliyyət daşımalıdırlar.

Hakan Fidan iki dövlətli həll yolunun qəbulu üçün İsrailə beynəlxalq təzyiqin vacibliyini də vurğulayıb. O qeyd edib ki, Türkiyə bu məsələ ilə bağlı öz baxışını maraqlı tərəflərlə bölüşüb.

Xarici işlər naziri bildirib ki, Türkiyə ilə ABŞ arasında bu mövzuda aparılan müzakirələr Vaşinqtonun da iki dövlət prinsipinə əsaslanan nizamlanmanın tərəfdarı olduğunu göstərib.

Türkiyəli nazir beynəlxalq ictimaiyyətin İsrail-Fələstin probleminin həllində daha fəal rol oynamasının vacibliyinə işarə edib.

Onun sözlərinə görə, hazırda Türkiyədən bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi gündəmdə deyil. Eyni zamanda, diplomat davamlı sülhə nail olmaq üçün iki dövlət həllinin həyata keçirilməsi istiqamətində addımların atılmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, region ölkələri əldə olunmuş razılaşmaları pozan istənilən tərəfə qarşı məsuliyyəti öz üzərinə götürməli və vahid mövqe nümayiş etdirməlidir.

Bundan əlavə, o, mövcud vəziyyəti sülh üçün fürsətə çevirməyin zəruriliyini vurğuladı. Onun sözlərinə görə, İsrail-Fələstin münaqişəsinin davamlı həllinə nail olmaq üçün qarant ölkələrin mövcudluğu həlledici olacaq.

Səid Əhmədli
Gununsesi.info