Skandal OLAY: ABŞ Suriyada Türkiyənin PUA-nı vurdu

ABŞ Müdafiə Nazirliyi Türkiyənin Suriyada terror təşkilatı PKK/YPG-yə qarşı sərhəd əməliyyatlarında istifadə etdiyi PUA-nı vurduqlarını açıqlayıb. Pentaqonun sözçüsü Rayder hadisəni özünümüdafiə sözləri ilə izah etməyə çalışıb.

Gununsesi.info xəbər verir ki, Pentaqon sözçüsü general Patrik Rayder gündəlik mətbuat konfransında ABŞ Müdafiə naziri Lloyd Ostin ilə Türkiyənin milli Müdafiə naziri Yaşar Gülerin telefon danışığı apardığını açıqlayıb.

Ostinin görüş zamanı Türkiyənin qanuni təhlükəsizlik narahatlıqlarını etiraf etdiyini qeyd edən Rayder bölgədə ABŞ qüvvələrinə qarşı hər hansı riskin qarşısının alınması üçün iki ölkə arasında sıx koordinasiyanın vacibliyinin vurğulandığını qeyd edib.

Daha sonra jurnalistlərin Suriyada Türkiyə pilotsuz uçan aparatının vurulduğu iddiası ilə bağlı sualı cavablandıran Rayder Türkiyənin NATO-nun ən güclü və dəyərli müttəfiqlərindən biri olduğunu və ortaqlığın davam edəcəyini bildirib.

“Bu, əlbəttə ki, təəssüf doğuran hadisədir”, – deyə Pentaqon qeyd edib.

Türkiyənin PUA-nın “ABŞ-ın elan etdiyi məhdud əməliyyat zonasına daxil olduğunu” iddia edən Rayder bildirib ki, “Komandirlər ABŞ qüvvələrinə yarım kilometrdən də çox yaxınlaşan PUA-nın potensial təhlükə yaratdığını və ABŞ F-16 döyüş təyyarələrinin özünümüdafiə imkanlarından istifadə edərək, PUA-nı vurub”.

İki ölkənin müdafiə nazirlərinin məsələ ilə bağlı “çox məhsuldar görüş” keçirdiklərini təkrarlayan sözçü, “Bir daha deyirəm, təəssüf doğuran hadisə idi. “Belə hadisələrin baş verməməsi üçün kommunikasiya xətlərini açıq saxlamağa davam edəcəyik”. sözlərini bölüşüb.

Rayder Türkiyənin PKK terror təşkilatına qarşı əməliyyatlarından da danişib. “Biz PKK ilə mübarizədə NATO müttəfiqimiz Türkiyə və türk xalqının yanındayıq. PKK ABŞ tərəfindən xarici terror təşkilatı siyahısına salınıb. Bu səbəbdən Türkiyəyə və türk xalqına qarşı hər hansı terror aktını pisləyirik”, – deyə o bildirib.

Səid Əhmədli
Gununsesi.info