Nikol Paşinyan Avropa Parlamentində çıxış edəcək

Ermənistan baş naziri Nikol Paşinyan oktyabrın 17-si Avropa Parlamentinin plenar iclasında çıxış edəcək.

Gununsesi.info xəbər verir ki, Avropa Parlamentinin prezidenti Roberta Metsola oktyabrın 5-i baş tutan Qranada sammitində Ermənistan Baş Nazirini avropalı parlametarlar qarşısında çıxış etmək üçün Strasburqa dəvət edib.

Ermənistan Baş Nazirinin mətbuat xidmətinin məlumatına görə, Nikol Paşinyan bugün Strasburqa yola düşüb. Paşinyan parlamentarlar qarşısında çıxışdan əvvəl Roberta Metsola ilə təkbətək görüş keçirəcək. Məlumatda baş nazirin başqa görüşlər də keçirəcəyi qeyd edilir.

Nikol Paşinyanın müraciətinin təfərrütları barədə məlumat olmasa da, çıxış Azərbaycanın Qarabağa tam nəzarəti ilə nəticələnən hərbi əməliyyatlarından təqribən bir ay sonraya təsadüf edir.

Avropa Parlamenti oktyabrın 5-i qəbul etdiyi qətnaməsində Azərbaycanın Qarabağda hərbi əməliyyatlarını pisləyən və bunun məsuliyyətini daşıyanlara sanksiya tətbiq edilməsinə, Avropa İttifaqının rəsmi Bakı münasibətlərinə yenidən baxmasına çağıran qətnamə qəbul edib.

Roberta Metsola Qranada sammitində Avropa İttifaqının Azərbaycanla enerji sahəsindəki münasibətlərinə toxunaraq, “biz bir etibarsız enerji tərəfdaşını digəri ilə əvəz edə bilmərik” deyib.

 

Gununsesi.info