Şiddətli yağış ölümlərə səbəb oldu

Ötən gün ərzində Əfqanıstanın  bir çox ərazisində güclü yağışlar yağıb. Güclü yağışların səbəb olduğu  seldə 8, ildırım düşməsi nəticəsində isə 7 nəfər həyatını itirib.

Gununsesi.info– nun xəbərinə görə Qor əyaləti və Herat bölgəsində leysan yağışlarından ortaya çıxan  seldə  8 nəfər həyatını itirib.

Əfqanıstan hökümətinin verdiyi məlumata əsasən, seldən dolayı 1142 hektar kənd təsərrüfatı ərazisinin su altında qaldığı, 11450 baş heyvanın isə tələf olduğu deyilir.  

 Heratda yaşayan sakinlər  30-a yaxın evin tamamilə dağıldığını və bir ailədən eyni vaxtda 4 nəfərin həlak olduğunu bildiriblər.

Qorun, Çahar, Səda və Marqab rayonları arasındakı avtomobil yolu daşqınlar səbəbindən nəqliyyatın hərəkəti üçün bağlanıb və 500 ailə məcburi köçkün düşüb.

Bildirilib ki, dağlarda açıq havada yaşayan köçkün ailələrinin təcili yardıma ehtiyacı var. Burada can itkisinin arta biləcəyi ilə bağlı xəbərdarlıqlar edilib.

Qeyd edək ki, Uruzqan əyalətində ildırım vurması nəticəsində isə  7 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bununla yanaşı Fərəh vilayətində də xeyli maddi ziyan olub.

 

Gununsesi.info