Baş nazir Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib.

Gununsesi.info xəbər verir ki, baş nazir Əli Əsədov Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.

Baş nazir Anıtqəbirin Xatirə kitabına ürək sözlərini yazıb.

 

15:21

Bu gün Azərbaycan Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gedib.

Bu barədə Gununsesi.info-ya Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Ə.Əsədov səfər çərçivəsində Türkiyənin Kahramanmaraş vilayətində “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmiz 2023-cü il 6 fevral tarixində Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində yeni məhəllənin tikintisinə dəstək verib. 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində bununla bağlı imzalanmış hökumətlərarası Əməkdaşlıq Sazişinə uyğun olaraq layihənin həyata keçirilməsi üçün ümumi dəyərin 100 milyon ABŞ dolları məbləğində vəsaiti Azərbaycan hökuməti tərəfindən ayrılıb.

Layihə çərçivəsində Azərbaycan tərəfinin İcraçı Qurumu olan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyətinin sədri Sadiq Sadıqov tikinti işlərinin gedişi barədə Baş nazir Əli Əsədova məlumat verib.

Baş nazir tikinti işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.