Həbsdə olan İstanbul Bələdiyyə Başqanı Əkrəm İmamoğlu məhkəmədə müdafiə çıxışı edib.
Gununsesi.info bildirir ki, İmamoğlu çıxışı zamanı Ərdoğan hakimiyyətinə sərt ittiham edərək, onu “Türkiyəni əməliyyatlar respublikasına” çevirməkdə günahlandırıb.
O, baş verənləri təkcə özünə qarşı proses deyil, Türkiyənin demokratik gələcəyinə yönəlmiş təhlükə kimi qiymətləndirib.
“Türkiyə əməliyyatlar respublikasına çevrilib”
İmamoğlu çıxışında son illərdə Türkiyədə keçirilən həbsləri, polis əməliyyatlarını və mediaya qarşı müdaxilələri tənqid edib. Onun sözlərinə görə, ölkədə siyasətçilərdən tutmuş jurnalistlərə, sənət adamlarından iş dünyasının nümayəndələrinə qədər müxtəlif təbəqələr təzyiqlərlə üzləşir.
“Türkiyə Cümhuriyyəti əməliyyatlar respublikasına çevrildi”, – deyən İmamoğlu bildirib ki, cəmiyyət hər səhər yeni bir əməliyyat və həbs xəbəri ilə qarşılaşır.
O, hakimiyyətin bu vəziyyəti adi hal kimi təqdim etməsinə etiraz edərək, ölkənin şəxsi siyasi maraqlar naminə böhranlara sürükləndiyini vurğulayıb.
İmamoğlu çıxışında jurnalistlərin həbs edilməsini, bəzi media qurumlarının fəaliyyətinə müdaxilələri və sosial şəbəkələrdəki məhdudiyyətləri də gündəmə gətirib.
O, bir sıra jurnalistlərin saxlanılmasını və ev dustaqlığına göndərilməsini tənqid edərək, cəmiyyətin məlumat almaq imkanlarının məhdudlaşdırıldığını iddia edib.
İmamoğlunun sözlərinə görə, məqsəd insanları baş verənlərdən xəbərsiz saxlamaq, tənqidi səsləri susdurmaq və ictimai müzakirə imkanlarını daraltmaqdır.
Siyasətçi Türkiyədə ifadə azadlığının vəziyyətini sərt şəkildə tənqid edib və ölkənin bu istiqamətdə ciddi geriləmə ilə üzləşdiyini bildirib.
İmamoğlu məhkəmə prosesində toxunduğu əsas məsələlərdən birinin təqsirsizlik prezumpsiyasının pozulması olduğunu deyib.
Onun fikrincə, istintaq materiallarının seçmə şəkildə ictimaiyyətə ötürülməsi, şübhəlilərin əvvəlcədən günahkar kimi təqdim edilməsi və həbslərin cəza vasitəsinə çevrilməsi hüquqi dövlət prinsipləri ilə uzlaşmır.
O, ailələrin, xüsusilə həbsdə olan şəxslərin uşaqlarının və həyat yoldaşlarının yaşadığı çətinliklərə də diqqət çəkib. İmamoğlu prosesdə təkcə müttəhimlərin deyil, onların yaxınlarının və müdafiəçilərinin də təzyiq altında qaldığını iddia edib.
“Bu, namizədin yarışdan kənarlaşdırılması prosesidir”
İmamoğlunun çıxışının siyasi baxımdan ən diqqətçəkən hissələrindən biri ona qarşı açılan işlərin mümkün məqsədi barədə səsləndirdiyi fikirlər olub.
Siyasətçi müxtəlif məhkəmə işlərinin hüquqi baxımdan ayrı-ayrı işlər olsa da, siyasi nəticə etibarilə vahid məqsədə xidmət etdiyini iddia edib.
“Bu işlərin hamısı əslində bir işdir. Adı da bəllidir: namizədsizləşdirmə işi”, – deyə İmamoğlu bildirib.
O, baş verənləri seçicilərin qarşısına alternativ siyasi namizəd çıxarmaq imkanının məhdudlaşdırılması kimi qiymətləndirib. İmamoğlunun fikrincə, demokratik dövlətdə siyasi lideri hakimiyyət deyil, cəmiyyət müəyyən etməli, seçkilərdə bütün legitim namizədlərin sərbəst mübarizəsi təmin olunmalıdır.
İmamoğlu müxalif Cümhuriyyət Xalq Partiyasına (CHP) qarşı yönəldiyini düşündüyü müdaxilələri də tənqid edib. O, siyasi partiyaların rəhbərliyinin və namizədlərinin müəyyənləşdirilməsinin məhkəmə və ya hakimiyyət müdaxiləsi ilə deyil, partiya üzvlərinin iradəsi ilə həyata keçirilməli olduğunu vurğulayıb.
Çıxışında iqtisadi problemlərə də toxunan İmamoğlu Türkiyədə yoxsulluğun, gəlir bərabərsizliyinin və sosial təminatla bağlı çətinliklərin dərinləşdiyini bildirib.
Onun fikrincə, ölkənin sərvətləri ədalətli bölüşdürülmür, vergi yükü daha çox aşağı gəlirli insanların üzərinə düşür. O, demokratiya, sosial rifah və ədalətin bir-birindən ayrılmaz olduğunu deyib.
İmamoğlu İstanbulda həyata keçirdiyi sosial layihələri nümunə göstərərək, dövlətin vəsaitinin vətəndaşların ehtiyaclarına yönəldilməli olduğunu müdafiə edib.
İmamoğlu çıxışının sonunda təzyiqlərə baxmayaraq mübarizəsini davam etdirəcəyini bildirib.
O, məhkəmədə danışmaq imkanının məhdudlaşdırılmasının və yazdıqlarına qadağa qoyulmasının fikirlərini ictimaiyyətə çatdırmasına mane olmayacağını deyib. Siyasətçi Türkiyənin gələcəyini hüququn aliliyi, azad seçkilər və xalq iradəsinin qorunması ilə əlaqələndirib.
Afət Abbasova
Gununsesi.info












