
Türkiyə Böyük Millət Məclisinə (TBMM) Novruz bayramı ilə əlaqədar martın 21-nin rəsmi qeyri-iş günü elan edilməsi ilə bağlı qanun layihəsi təqdim olunub.
Gununsesi.info Azərtac-a istinadən xəbər verir ki, normativ aktın təşəbbüskarı hakim Ədalət və İnkişaf Partiyasının İstanbuldan olan deputatı Sərkan Bayramdır.
Qanun layihəsi ilə bağlı Ankarada keçirdiyi brifinqdə S.Bayram bildirib ki, martın 21-i gecə ilə gündüzün bərabərləşdiyi astronomik tarix olan yaz bərabərliyi günüdür.
“Bu gün dünyanın bir çox ölkəsində, o cümlədən türk dövlətlərində Novruz bayramı geniş şəkildə qeyd edilir. Bu bayram yeni günün, təbiətin dirçəlişini simvolizə edir. Novruz həm də birlik və qardaşlıq rəmzidir. Türklər üçün Novruz Ərgənəkon dastanına bərabərdir”, – deputat bildirib.
S.Bayram deyib ki, Türkiyə Böyük Millət Məclisinin deputatı və BMT-nin sülh elçisi kimi martın 21-nin Türkiyədə rəsmi qeyri-iş günü elan olunmasını parlamentə təklif edib.