İran ABŞ-a şərt qoydu: Bu baş verməsə, danışıqlar olmayacaq

  • Müəllif: Orxan
  • 21 Oktyabr 2026 09:29

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib ki, ABŞ etimadı qazanmaq üçün konkret addımlar atmayacağı təqdirdə, Vaşinqtonla heç bir danışıqlar aparılmayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə general-mayor Möhsün Rezai “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O, İranın nüvə materialları ilə bağlı mövqeyini bir daha vurğulayaraq bildirib ki, ölkədən bir qram belə zənginləşdirilmiş uran çıxarılmayacaq. Rezainin sözlərinə görə, proses İranın bütün şərtlərinin tam yerinə yetirilməsi ilə başlamalıdır.

Möhsün Rezai Pakistan Ordusunun komandanı Asim Munirlə görüşündə də bütün zənginləşdirilmiş nüvə materiallarının İranda qalacağını bəyan edib.

“Zənginləşdirilmiş nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq. Bu materiallar ölkə daxilində istifadə olunmaq üçün İran xalqının böyük sərvəti və milli kapitalıdır”, – deyə o bildirib.

Möhsün Rezai vurğulayıb ki, İran xalqı və rəsmiləri ABŞ tərəfindən etimadın yaradılmadığı təqdirdə danışıqların aparılmaması barədə vahid mövqeyə gəliblər.

Onun sözlərinə görə, etimadın yaradılması prosesi İranın irəli sürdüyü şərtlərin yerinə yetirilməsi ilə başlamalıdır.

Gununsesi.info