Jurnalistlərə qarşı kiberdələduzluq hallarının yeni üsullarla həyata keçirilməsi təhlükəsi diqqət çəkir.
Tanınmış şəxslərin adından istifadə edən dələduzlar jurnalistlərlə əlaqə yaradaraq özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edə bilərlər.
Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə xəbərdarlıq xarakterli məlumatda bildirilir.
Məlumata görə, kiberdələduzlar əvvəlcə jurnalistə mesaj yazaraq guya dövlət qurumlarından zəng ediləcəyini bildirirlər.
Daha sonra əlaqə saxlayan şəxs hədə-qorxu gəlməklə, qorxu və təzyiq yaratmaqla qanunsuz tələblər irəli sürməyə çalışır.
Bu cür hallarda əsas məqsəd jurnalistin etibarından sui-istifadə etmək, onu psixoloji təzyiq altında saxlamaq və müxtəlif yollarla aldatmaq ola bilər.
Jurnalistlərə nə tövsiyə olunur?
Belə mesaj və zənglərlə qarşılaşan jurnalistlərə aşağıdakılar tövsiyə edilir:
* Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən şəxsin kimliyini rəsmi kanallar vasitəsilə yoxlamaq;
* Tanımadıqları şəxslərə şəxsi məlumatları, şifrələri və təsdiq kodlarını verməmək;
* Hədə-qorxu və qanunsuz tələblərlə qarşılaşdıqda həmin şəxslərin göstərişlərinə əməl etməmək;
* Şübhəli şəxslə əlaqəni dayandırmaq, mesajları və zəng məlumatlarını mümkün sübut kimi saxlamaq;
* Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat vermək.
Qeyd edək ki, jurnalistlərin peşə fəaliyyəti ilə əlaqədar həssas məlumatlara çıxışı və ictimai mövqeləri onları sosial mühəndislik və kiberdələduzluq cəhdlərinin hədəfinə çevirə bilər.












