Kibercinayətkarlıq PROBLEMİ: Banklar məsələyə nə qədər məsuliyyətlə yanaşır? – Mütəxəssis AÇIQLADI

Milli Məclisin deputatı Siyavuş Novruzov VII çağırış Milli Məclisin payız sessiyası çərçivəsində sentyabrın 30-da keçirilən ilk plenar iclasda vətəndaşların bank kartlarından pul vəsaitlərinin mənimsənilməsinə dair nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb. O, qeyd edib ki, bu məsələnin həlli üçün Cinayət Məcəlləsində müvafiq maddələrin daha da sərtləşdirilməsi zəruridir.

Deputat, eyni zamanda, pensiya və əməkhaqqılarının mənimsənilməsinin qarşısının qətiyyətlə alınmalı olduğunu bildirib. S.Novruzov belə uyğunsuzluqların aradan qaldırılması üçün konkret tədbirlərin görülməsinin vacibliyini tövsiyə edib.

Bu gün banklarda vətəndaşların bank kartlarından pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı nəzarət mexanizmləri hansı səviyyədədir? Müştəri məlumatlarının və maliyyə resurslarının təhlükəsizliyini təmin etmək üçün banklar hansı innovativ addımlar atırlar? Müxtəlif təhlükəsizlik protokolları, şifrələmə sistemləri və müştəri məlumatlarının qorunması üçün yeni texnologiyaların tətbiqi, bankların bu sahədəki əsas prioritetlərindəndir.

Eyni zamanda, müştəri maarifləndirmə proqramları da istifadəçilərin kiber təhlükəsizlik məsələlərinə daha diqqətli yanaşmalarını təmin etmək məqsədini güdür. Bu cür tədbirlər bank sistemlərinin etibarlılığını artırmaqla yanaşı, müştərilərin də etimadını qazanmağa xidmət edir.

İKT üzrə mütəxəssis Fərhad Mirəliyev Gununsesi.info-ya açıqlamasında bildirib ki, bu məsələlərin qanunla idarə olunması və yaxud da cəzaların sərtləşdirilməsi öz-özlüyündə heç nə vermir.

“O baxımdan ki, dələdüzlüq törədənlər həmin vəsaitləri ölkə xaricinə çıxara bilirlər və yaxud da bu cür şəbəkələr ölkə xaricindən idarə olunurlar. Yekunda məbləğlər də xaricdə oturan şəxslərin əlində cəmlənir. Dəfələrlə xarici ölkə vətəndaşlarının xüsusi xidmət orqanları tərəfindən ölkə ərazisində yaxalandığının, kənar ölkələrin vətəndaşlarının ölkəyə gətirilməsi üçün müvafiq tədbirlərin görüldüyünün şahidi olmuşuq. Xüsusən də indiki dövrdə vəsaitləri kriptovalyutaya çevrilərək cüzdanlara doldururlar. Həmin vəsaitin axınını izləmək çox müşkül məsələdir. Son apardığımız araşdırmaların nəticələri göstərir ki, həmin vəsaitlər yekun nöqtəyə çatana qədər bir neçə nəfərin kartından ötürülərək gedir və yekunda da hansısa bir saytda kriptovalyuta alışına sərf olunur. Kriptovalyuta alışı elə bir formada icra olunur ki, orada yalnız simvollardan ibarət bir cüzdan nömrəsi olur. Yəni, orada nə ad, nə soyad , nə də bir digər məlumatlar yoxdur ki, o cüzdanın sahibini hansısa bir formada identifikasiya etmək mümkün olsun. Bir daha qeyd edirəm, ümumilikdə bu təklifin sərtləşdirilməsi faydasızdır. Qanun nə qədər sərtləşdirilsə də, əgər o qanunu tətbiq edəcəyin cinayətkarı tapa bilmirsənsə, həmin qanunun qəbul olunmasının faydası yoxdur”, – deyə bildirib.

Mütəxəssis vurğulayıb ki, bu sahədə proflaktik görüləcək tədbirlərlə bağlı müəyyən işlər görmək olar:

“Xüsusən də burada maarifləndirmə və rəqəmsal savadlılıq önəmlidir. Bu işdə bankların üzərinə böyük məsuliyyət düşür. Onlar bu məsələlər üzrə təlimatlarına çox ciddi şəkildə yanaşmalıdırlar və yenidən təlimatları hazırlamalıdırlar. Normativ hüquqi qanunvericiliyi, bankların bazarda davranışını müəyyən edən qurumlar da bu məsələdə təkliflər verməlidirlər və yaxud da qanunvericilik səviyyəsində bu məsələni qəbul etməlidirlər ki, banklarda kiber təhlükəsliklə bağlı xüsusi bir yanaşma olsun”.

F. Mirəliyev onu da bildirib ki, hər hansı bir vətəndaş kartından çəkilən vəsaitlər ilə bağlı bankların çağrı mərkəzinə zəng etsə, görəcək ki, orada oturan əməkdaşlar nə qədər etinadsız, bayağı formada müraciətə yanaşırlar:

“Onlar ancaq polisə yönləndirməyi məsləhət biləcəklər. Yəni, hansısa bir ifadələrlə baş vermiş hadisənin məsuliyyətini ya vətəndaşın üzərinə qoymağa çalışacaqlar və ya da “Polisə müraciət edin” deməklə qarşı tərəfi başlarından edəcəklər. Ən böyük problem də elə bu nöqtədən başlayır. Bankın özü bu məsələdə həddindən artıq maraqlı olmalıdır. Öz müştərisini qorumaqda, onların vəsaətlərini, təhlükəsizliyini təmin etməkdə çalışmalıdırlar. Amma reallıqda tamam başqa hallar ilə rastlaşırıq. Bu təbii bir prosedurdur və ya bilərəkdənmi bu formada olur, biz onu deyə bilməliyik.

Adətən, İT bilikləri müəyyən peşə sahiblərindən və ya İT mütəxəssislərdən tələb olunur. Amma biz görməmişik ki, hansısa çağrı mərkəzində əyləşən bir əməkdaşdan işə qəbul zamanı hansısa bir İT məsələlər soruşulsun. Bu məsələlər o qədər dərindir ki, hansısa zərərçəkmiş orada əyləşən operatora başına gələn hadisələri izah etməyə çalışsa da, təəssüf ki, onun fikrini qarşı tərəfə çatdırmaq mümkün olmur. Çünki onun İT bilikləri məhduddur. O, sadəcə süni intellektdən çox cüzi fərqlənir və ancaq kiməsə yönləndirə, hansısa məhdud bir əməliyyatları icra edə bilir. O, işinə yaradıcı yanaşa bilmir. Bu, ümumilikdə kadr problemidir”.

Azərbaycanda bank işçiləri vətəndaşlara niyə tez-tez zəng edirlər?

F. Mirəliyev həmçinin qeyd edib ki, banklar mütləq şəkildə çağrı mərkəzlərində işləyən əməkdaşlarına xüsusi bir yanaşma tətbiq etməlidir.

“Onlar ya xüsusi təlimat almış insanlar olmalıdır, ya da kibertəhlükəsizliyi ilə bağlı sorğuları xüsusi bir əməkdaşlara yönləndirməlidir. Yəni, hər şey bu yanaşmadan başlayır. Qeyd etdiyim kimi, indiki halda yalnız etinasız bir münasibət görürük. Bəzən vətəndaş vəsaitinin mənimsədiyini, kibercinayətin qurbanı olduğunu bildirir. Vətəndaş bu mövzuda öz səhvini öyrənmək və bu cinayətin bir daha qurbanı olmamağın yollarını istəyir. Araşdırırıq və görürük ki, burada gözlə görüləsi hansısa məqam da yoxdur ki, o insana səhvinin nə olduğunu izah edəsən. Yəni, ən azı burada ilkin araşdırma səviyyəsindən söhbət gedir. Biz bir neçə dövlət qurumlarına müraciət edirik və heç bir cavab əldə edə bilmirik. Cavab gəlsə də, o vətəndaşların müraciətlərinin cavablandırılması formasına uyğun intervalda olmur. Sadəcə, hansısa ümumi sözlər göndərilir. Vətəndaşın karına çatası, onun işinə yarayası məqamlar olmur. Hamı sanki yola verməklə məşğuldur, heç kəs bu məsələlərə can yandırmır.

Banklar da, dövlət qurumları da bu məsələdə kifayət qədər səriştə göstərə bilmir. Çox təəssüf ki, əziyyət çəkən də vətəndaş olur, məsuliyyət də tək vətəndaşın üzərində qalır. Düşünürəm ki, bu məqamlar mütləq şəkildə araşdırılmalıdır. Təəssüf ki, nə banklar, nə də digər məsul dövlət qurumları bu məsələləri araşdırmır” – deyə mütəxəssis fikirlərini yekunlaşdırıb.

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info