
Aİ Şurası Rusiyanın xaricdə sabitliyi pozan hərəkətlərinə qarşı sanksiyaların yeni çərçivəsini təsdiqləyib. Məhdudiyyətlər Aİ-nin təhlükəsizliyinə və suverenliyinə xələl gətirən şəxsləri və təşkilatları mühakimə etməyə imkan verəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə RBC-Ukrayna Aİ Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Yeni tədbirlər seçki proseslərinə müdaxilə, kritik infrastrukturun təxribatı, dezinformasiyanın yayılması və kiberhücumlar da daxil olmaqla hibrid təhlükələrlə mübarizəyə yönəlib.
Təhdidlər siyahısına miqrasiya axınlarının manipulyasiyası və Avropada son vaxtlar güclənən digər sabitliyi pozan hərəkətlər də daxildir.
Bu tədbirlərə aktivlərin dondurulması və Aİ vətəndaşları, şirkətləri ilə əməkdaşlığa qadağa daxildir. Bundan əlavə, siyahıda olan şəxslərin Avropa İttifaqı ərazisinə girişi qadağan olunacaq.
Bildirilir ki, qərar Xarici Əlaqələr üzrə Ali Nümayəndə Josep Borrell-in təklifi əsasında qəbul edilib və Rusiyanın Avropada artan hibrid əməliyyatlarına cavabdır.
Şəbnəm