
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsinin 33-cü ildönümündə sözügedən sənədi tənqid edib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Onun sözlərinə görə, bəyannamənin qəbul edilməsi bugünkü erməni dövlətçiliyinin əsasını qoyan dönüş nöqtəsi olub: “Bu sənəd Qarabağ hərəkatının zirvəsində, SSRİ-də iqtisadi, siyasi və ideoloji böhran şəraitində qəbul edilib. Bəyannamənin mətnini 2020-ci ildəki müharibədən əvvəl və xüsusən də ondan sonra dəfələrlə oxumuşam”.
Paşinyan qeyd edib ki, sənədin mətninin tənqidi təhlili onu göstərir ki, Ermənistan nəticədə onu SSRİ-nin bir hissəsinə çevirən formul əsasında diskurs və məzmun seçib: “Burada söhbət regional mühitdən və bizi qonşularımızla hər zaman münaqişə vəziyyətində saxlamalı olan qarşıdurma diskursundan gedir. Ermənistan bu bəyanatla SSRİ-nin tərkibindən çıxmaq kursunu elan etməklə yanaşı, ondan çıxmaqla bağlı bütün yolları da bağlayıb”.
Baş nazir ölkənin Müstəqillik Bəyannaməsinin dərin təhlilə ehtiyacı olduğunu da vurğulayıb.