Onlar Prezidentə başsağlığı verdi

Özbəkistan Prezidenti Şövkətt Mirziyayev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Şövkət Mirziyayev baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların yaxınlarına başsağlığını bildirib, yaralanan şəxslərin tezliklə sağalmalarını arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq edib.

***

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev İlham Əliyevə başsağlığı verib.

Mətndə deyilir:

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xəbər məni dərindən kədərləndirdi. Çoxlu sayda insanın həyatına son qoymuş bu hadisə Azərbaycan üçün böyük itkidir.

Zati-alinizə və Azərbaycan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzu edirəm.

Bu faciə Türk dünyasında hər kəsi dərindən təsirləndirdi, kədərli anlarda birliyin və dəstəyin önəmini xatırlatdı. Bu hüznlü hadisə ilə bağlı Azərbaycan xalqı ilə həmrəyik və kədərinizi bölüşürük”.

***

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu gəlib.

Məktubda deyilir:

“Zati-aliləri.

“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipaj üzvlərinin həlak olması xəbərindən sarsıldım.

Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanların tezliklə sağalmalarını arzulayıram”.

Gununsesi.info