Nazirliyin sifarişi ilə gördüyümüz işlərdən o qədər vergi tutulur ki… -Ədəbi tənqidçi, xanım deputat...

2024-cü il ölkədə keçirilən VII çağırış Parlament seçkilərində yeni simalar da mübarizəyə qatıldı. Onlardan biri də tənqidçi, ədəbiyyatşünas Elnarə Akimovadır. Artıq onun titullarının qarşısına Milli Məclisin deputatı da artırılır. 

Gununsesi.info Millət Məclisin deputatı, tənqidçi, ədəbiyyatşünas Elnarə Akimova ilə müsahibəni təqdim edir:

-Elnarə xanım, təbrik edirik. Deputat seçilməyiniz ilk dəfədir və bir az gözlənilməz oldu, sanki. Dəqiq desək, sizi heç vax siyasətdə görməmişdik…

-Çox sağ olun. Namizədliyimin irəli sürülməsi elə özüm üçün də gözlənilməz oldu. Bu, mənsub olduğum Yeni Azərbaycan Partiyası rəhbərliyinin mənə göstərdiyi böyük etimaddır. Siyasətdə görünməyə qalınca, neçə ildir, Yeni Azərbaycan Partiyasının sıralarındayam, üç ildir də partiyanın İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərirəm. Yəni, əslində, siyasi mühitin və proseslərin içində idim. Deputat kimi namizədliyimin irəli sürülməsi ədəbi yazılarımla yanaşı sabit, dürüst, ideoloji mövqeyimə görə oldu.

-Məsələn, düşünürsünüz ki, təmsil olunduğunuz hakim partiyadan yox, məhz müstəqil namizəd olsaydınız, seçildiyiniz dairədən səs ala bilərdiniz, sizə yenə etimad göstərərdilər?

-Ziyalı, alim olmağım seçicilər tərəfindən qəbul olunmağımda yaşıl işıq yandırdı. Təbliğat zamanı onlarla görüşlərdə bunu daim hiss edirdim. Sumqayıtda doğulub yaşamağımın da böyük üstünlüyü oldu səs toplamağımda. Amma əlbəttə ki, namizədliyimin partiya tərəfindən verilməsi, həm də YAP İdarə Heyətinin üzvü olaraq seçkilərə qatılmağım bu məsələdə həlledici rol oynadı.

-ATƏT-in ilkin dəyərləndirməsində seçkilərin rəqabətsiz keçdiyi bildirilir. Yəni, belə çıxır ki, qalib olan deputatlar üçün rəqabət asan olub, ya heç olmayıb…

-Əvvəla, seçkilər rəqabətsiz keçməyib. Bunun təzahürləri seçki günü meydanda idi. Buna qədər də hər kəs özünün təbliğat-təşviqat kompaniyasında lazım olan bütün prosesləri realizə etməyə çalışırdı. Şəxsən mən dairəmdən namizədliyini verən insanların kimliyi ilə maraqlanmışdım, hər birinə də hörmətlə yanaşırdım. Amma mən işlərimi onlarla rəqabət üzərində qurmadım. Daha çox seçicilərimlə görüşə, şəhid, qazi ailələri, yerli sakinlərlə təmas qurmağa köklənmişdim. Çünki bizim etməli olduğumuz əsas məsələ bu idi.

-Elnarə xanım, qadınlar siyasətdə azlıq təşkil edir ki, səbəb kimi onların kişilərdən bacarıqlı ola bilməməkləri göstərilir. Az da olsa razılaşırsınız?

-Qətiyyən razılaşmıram. Qadınlar ölkənin siyasi həyatında və quruculuq prosesində yaxından iştirak edir. Parlamentə gəlincə, hər halda, yetərincə qadın deputatlar var yeni parlamentdə də. Bunun özü artıq sualınıza cavabdır.

-Bəlkə bu, dünyadakı gender bərabərliyi siyasətinə görədir, qadınların bacarıqlı olduğuna görə yox?

-Bilirsiniz, mən Azərbaycanda gender bərabərliyi probleminə fərqli rakursdan yanaşıram. Tarixə ekskurs etmək istəməzdim, amma XX yüz ilin əvvəllərində fəaliyyət göstərən Azərbaycan mətbuatını izləsəniz, orada inanılmaz müzakirələrlə rastlaşacaqsınız. Görəcəksiniz ki, mətbuatımız hələ o dövrdə gender problemini qabardıb, Azərbaycan qadınının ictimai həyatdakı roluna işıq salıb. Qadınlarımızın azadlıq problemi sonrakı illərdə burjua mətbuatı adlandırdıqları qəzet və jurnallarımızda sistemli şəkildə aktuallandırılıb. 1906-1907-ci illərdə Azərbaycan mətbuatı London hökümətinə təzyiq edən ingilis missiləri, ingilis lediləri, qadınların seçki hüququnu tələb edən sufrajist xanımlar barədə söhbət açırdı. Azərbaycan qadının dilindən verilən belə fikirlərə rast gəlib yalnız heyrətlənmək olar. “Biz təbiətin qadınlar üçün təyin etdiyi həddə qədər bərabərlik və hürriyyət istəyirik və istəyəcəyik. O hüdud daxilində ədalət tələb edirik və edəcəyik” və s. Gördüyünüz kimi, hətta qadın problemləri baxımından Azərbaycan hər zaman Avropa ilə həmahəng ritmdə yaşayıb…

-Ümumi götürəndə dünyada da bir mənzərə, söhbət var ki, qadınlar bütün sahələrdə kişilərdən nisbətən az və zəifdirlər. Məsələn, elə siyasi lider qadınları da görə bilmirik. Bizim cəmiyyətdə bu patriarxal təfəkkürə görə ola bilər, bəs dünyada niyə belə təzahür edir, bəlkə doğrudan belədir, təbiət bu cür yaradıb, razılaşmaq lazımdır?

-Patriarxal təfəkkür deyirsiniz. Amma Azərbaycan bu mərhələni hələ 1918-ci ildə geridə qoyub. Cümhuriyyətimiz Şərqdə ilk respublika oldu ki, qadınlara da seçmək və seçilmək hüququ verdi. Türkiyədə ilk hüquqşünas qadın Azərbaycanlı Sürəyya Ağaoğlu oldu. Tariximizdə diplomat Sara Xatun örnəyi var. Dünyaya gəlincə, Britaniyanın baş naziri Marqaret Tetçer, Almaniyanın federal kansleri Angela Merkel, bu gün İtaliyanın baş naziri olan Meloni… Bu siyahını kifayət qədər uzatmaq olar. Amma hər halda, qəbul etməliyik ki, kişi və qadınların fitrət fərqi var. Bu isə milli məsələ deyil.

-Əsas sahəniz ədəbiyyatdır və tənqidçisiniz. Yazıçıların işlərini tənqid edərəl düzəltməyə çalışırsınız, bəs millət vəkili kimi insanların da problemini düzəldə biləcəyinizdən əminsiniz?

-Mənim ədəbi tənqidçi kimi kiminsə yazılarını tənqid edib düzəltmək missiyam yoxdur. Tənqid bu deyil. Mənim ədəbi tənqid kriteriyam var. Bu, başqa söhbətin mövzusudur. Parlamentdəki fəaliyyətimə gəlincə… Əvvəla, mənim üçün millət vəkili həm böyük status, həm də böyük anlayışdır. Millət vəkilinin əsas işi həm də xalqla hökumət arasında işıqlı bir körpü rolunu oynamaqdır. Mən doğulub boya-başa çatdığım Sumqayıtdan deputat seçilmişəm. Əksər problemlərlə tanışam. İnsan amilinə həssaslıqla yanaşan adamam. Bəlkə də, bu, ədəbiyyatşünas olmağımla bağlıdır. Sumqayıtlıların arzu və ümidlərini, gözləntilərini bilirəm. Hər şeyin daha da gözəl olacağına inanıram və buna görə də görüşlərimizdə seçicilərimə bu inamı aşılamağa çalışırdım, yəni ki, populist vədlər vermirdim.

 -Deputat, tənqidçi, ədəbiyyatşünas Elnarə Akimova ədəbi sahədə hansısa yeniliyi gözlənilirmi? Yoxsa, elə təkcə siyasi məsələlər olacaq?

-Yeri gələndə siyasi, yeri gələndə ədəbi-mədəni sahədə yaxşı işlərə imza atacağımdan əminəm. Mənim mənsub olduğum partiyanın özünün mədəniyyət konsepsiyası var və şübhəsiz ki, parlamentdəki fəaliyyətim də həmin konsepsiyaya uyğun olacaq. Məni düşündürən bir neçə məsələ də var ki, onların həlli istiqamətində hansısa addımların atılmasına çalışacam.

-Məsələn, hansı məsələlərdir onlar?

-Yaradıcı adamlar və yaradıcılıq təşkilatları bir-birindən ayrı, koordinasiya edilməmiş şəkildə fəaliyyət göstərir. Bu da ciddi problemlər yaradır. Rəssamlar yazıçıları oxumur, yazıçılar rəssamlardan xəbərsizdir. Eləcə də bəstəkarlar, heykəltəraşlar. Bilirsiz, qanunların həyata keçirilməsi həm də ölkənin mədəni həyatında arzu olunan mədəni, elmi mühiti canlandırmalıdır. Türkiyədə bir “TEDA” layihəsi var. Mədəniyyət və Turizm Nazirliyinin türk mədəniyyət, sənət və ədəbiyyat əsərlərinin xaricə çıxışına, yayılmasına dəstək layihəsidir. 19 ildir ki, fəaliyyət göstərərək xarici oxuculara Türkiyənin mədəni və ədəbi irsini öz dillərində oxumaq imkanı verir. Bununla da türk yazarların əsərlərinin beynəlxalq kitab bazarlarında görünməsi dəstəklənir. Belə bir analoji layihə bizdə gerçəkləşsə, Azərbaycanın mədəni sərvətinin, ədəbi mətnlərinin dünya çapında dövriyyəsini təmin etmək mümkün olar. Ümumiyyətlə, humanitar sahəyə daha çox diqqət ayrılmalı, güzəştlər tətbiq olunmalıdır, düşünürəm. Məqalə və kitablara yazılan qonorarlardan tutulan vergini maksimum azaltmaq lazımdır və bu ölkənin qələm sahiblərinə xeyli dəstək olar.

– Yeri gəlmişkən, yazıçılar qəzetlərdəki, saytlardakı qonorarlardan şikayətlənirlər və belə demək olarsa, qəpik-quruşa yazırlar. Özünüz də bu sahədə çalışırsınız, məsələn, Parlamentdə necəsə bu məsələlərə diqqət yetirmək olarmı? İllərdir, maddi bazanın belə olması ədəbi məhsuldarlığı da aşağı salır.

– Bəlkə də, ən çox düşündüyüm məsələdir. Mütləq aktuaqllaşdıracam bu məsələni. Qəzetdən verilən qonorardan, yaxud Mədəniyyət Nazirliyinin sifarişi ilə gördüyümüz işlərə yazılan qonorarlardan o qədər vergi tutulur ki, verilən əməyə adamın heyfi gəlir…

– Ənənəvi sual: Deputat yox, ədəbiyyatşünas Elnarə Akimova necə düşünür. Azərbaycan ədəbiyyatı dünyaya niyə çıxa bilmir? Təbliğat olmaması, ya istedad faktoru?

– Bu suala demək olar ki, əksər müsahibələrimdə cavab vermişəm. Uyğun bildiyim həll yollarını da göstərmişəm. Sadəcə, bilirsiz necədir, bizdə bu istiqamətdə görülən hərəkətlənmə daha çox praktik səciyyə daşıyır. Yəni, vacibliyindən danışılır, amma konkret işlər görülmür. Ciddi işlərə imza atmağı nəzərə tuturam, əlbəttə. Ona görə də dünyanın önəmli mükafatlarına adımız belə düşmür. Ədəbiyyat sahəsindəki heç bir imzanı, heç olmasa, dünyanın bəlli bir çevrəsində önə çıxarda bilmirik.

– Yazıçı, şair, ümumən ədəbiyyatçıların zamanla siyasətə qoşulub-qoşulmamaqları da müzakirə olunur. Hansı cəbhə daha çox haqlıdır, siyasətə qoşulun deyənlər, yoxsa yazıçı-şairə “yazınızı yazın, siyasət sizlik deyil” deyənlər?

– Məncə, Azərbaycanda belə bir problem yoxdur. Digər tərəfdən, illərdir, parlamentdə müxtəlif şair-yazıçılar, ədəbiyyatşünas alimlər yer alıb. Onlardan hansınınsa adının lüzumsuz işlərdə hallandığını eşitməmişik. Əksinə, hər zaman mütərəqqi addımlar atmağa çalışıblar, daha hunamist bağlanğıcdan çıxış ediblər. Yusif Səmədoğlu həm parlamentdə təmsil olunub, həm də “Qətl günü”nü yazıb.

– Elnarə xanım, bəzən tənqidçilər haqqında deyirlər ki, onlar uğursuz yazıçı və şairlərdir, hikkədən tənqidə keçirlər. Haqq payı var? Məsələn, sizin bədii nələrsə yazdığınız olubmu? Görmüsünüz diqqət çəkməyib, tənqidçi olmusunuz?

-Heç vaxt bədii mətn yazmamışam. Bu fikri də mənasız hesab edirəm. Həkim xəstəyə düzgün diaqnoz qoyub müalicə edə bilmirsə və xəstənin iradı ilə üzləşirsə, deməlidir ki, get, özün həkim ol? Bütün tənqidçilər yazıçı, şair olsaydı, daha bu sənətə niyə ehtiyac yaranardı? Həm də bu fikri məncə, o tənqidçiyə deyə bilərlər ki, iradlarını nəzəri-estetik baxımdan düzgün əsaslandıra bilmir. Elmi, məntiqi əsaslara söykənən tənqidlə yazıçı da, şair də hesablaşır. Məgər Mikayıl Rəfili yaxşı şair ola bilmədiyinə görə yaxşı tənqidçi olub? Halbuki Mikayıl Rəfili şeirin də, tənqidin də ən yaxşı nümunələrini yaradıb…

 – Adətən, belə fikirlər də yaranır. Məsələn, tənqidçi Elnarə Akimova deputat Elnarə Akimova arasında fərq yaranacaq? Həmişəki kimi qala biləcəyinizdən əminsiniz?

– Mən mövqeyimdə hər zaman və bütün mənalarda sabit, məsuliyyətli, işimə sevgi ilə yanaşan biri olmuşam. Həmin mövqeyimlə, həmin məsuliyyətlə də davam edəcəm. Bir də vicdanlı! Bu sözü deməyə bütün tərcümeyi-halım əsas verdiyinə görə ürəklə deyirəm.

-Ədəbi tənqid və təhlil işinizdə məsələn, gənclərdən də çox yazmısınız. Bəs vəzifə rol oynayacaq? Məsələn, düşünə bilərsiniz ki, deputatam, vəzifəm var, bu kimdir ki, yazam?

– Məsələn, məni tanıyanlar heç vaxt bu sualı mənə ünvanlamaz. Eynşteynin bir sözü var: “Eqo bərabərdir 1/ elm.” Yəni, elmin nə qədər azdırsa, eqon bir o qədər yüksəkdir. Ona görə də siz deyən kimi davranış elmi az olanlara yaraşır. Mən daim yaxşı mətndən yazmışam. Vaxtım imkan verdikcə də əsasən “Ədəbiyat qəzeti”ndəki yazı həyatımı davam etdirəcəm.

– Azərbaycan ədəbi mühitinin mənzərəsini sizin tənqidlərinizdə, təhlillərinizdə görürük. Bəs siyasi mühitə necə, tənqidiniz varmı?

– Biz müharibədən çıxan ölkəyik. Biz ancaq torpaqlarımızı geri qaytarmadıq, eyni zamanda, azad etdiyimiz yurd yerlərində bərpa-quruculuq işlərinə başladıq. Bütün hallarda bu amili nəzərə almalıyıq. Arzu edərdim ki, həmin proses ədəbiyyatımızda da əksini tapsın. Ədəbi prosesin tənqidi ilə siyasi prosesin tənqidi başqa anlamlar daşıyır. Mən özümü ədəbi tənqidçi statusunda görürəm. Siyasi proseslər barədə də təbii ki, fikirlərim olacaq və yeri gəldikcə parlamentdə də bu barədə düşüncələrimi ifadə edəcəm. Qarabağ zəfərindən sonra 200 il həsrət qaldığımız milli ideallarımız gerçəkləşib. Belə bir dövrdə siyasi mühit də o zəfərin kontekstində cərəyan etməlidir. Kim bu düşüncəyə qarşıdırsa, birliyimizi parçalamağa cəhd edirsə, mənasız və populist fikirlər səsləndirirsə, əlbəttə, o, siyasətdəki tənqidin predmeti olmalıdır. Bizi hər şeydən əvvəl Azərbaycançılıq idealı birləşdirməlidir. Qəbul edilən bütün hüquqi sənədlər bu məfkurənin daha da dərinləşməsinə xidmət etməlidir.

 

Orxan Saffari

Gununsesi.info