Mənim qələbəmim Rusiya üçün yaxşı olacağı barədə deyilənlər yalandır - Tramp Zelenski ilə danışdı

  • By admin
  • 20 İyul 2024 18:08

Zelenski və Tramp arasında telefon danışığı olub.

 

Tramp onun qələbəsinin Rusiya üçün sərfəli olacağı barədə iddiaları fake news adlandırıb və Zelenskini buna inanmamağa çağırıb. Tərəflər üz-üzə görüş keçirmək barədə razılığa gəlib.

 

Həqiqətən Qərb liberal və liberal-sol mediasının Trampla bağlı şərhlərindəki birmənalı neqativliyin nə dərəcədə gerçəklərə uyğun olduğu barədə düşünmək lazımdır. Bəli, istər Tramp, istər vitse-prezident kimi seçdiyi Vens, istərsə də digər trampistlər Ukrayna üçün məqbul olmayan fikirlər söyləyirlər, onlara yaxın ABŞ ifrat sağı (alt-right) içərisində isə Rusiyanın təbliğat tezislərini təkrarlayan, buna inanan böyük bir nadan kütlə var. (Bu məsələdə Ukraynanın səhvlərini – Amerikan sağı içərisində iş aparmamasını, Zelenskinin T.Karlsona müsahibə verməkdən imtina etməsini də qeyd etmək lazımdır.)

 

Lakin müxalifətdə olmaqla dövlət məsuliyyətini üzərinə götürmək arasında prinsipial fəq var. Tramp gəlib Ukraynanı Rusiyaya təhvil verməyəcək. ABŞ əhalisinin 70%-i Ukraynaya yardımların davam etdirilməsinə tərəfdardır. Tramp seçilsə, Ukraynanı masaya əyləşdirəcək, lakin danışıqlara getmək Rusiyanın şərtlərini qəbul etmək anlamına gəlmir. Rusiya masada konstruktiv mövqe tutmasa, ultimatumlarını təkrarlasa, nə olacaq? Bu halda Trampın Ukraynaya hərbi yardmları artırması ehtimalı da var.

 

Ən pis ehtimalı – Trampın Ukraynaya yardımları dayandırması variantını düşünək. Avropanın yardımları yetərli olmasa, Ukrayna ABŞ-dan o yardımları uzunmüddətli kredit şəklində ala bilər, Tramp bunun əleyhinə deyil. Başqa bir tərəfdən, Koqnresə kimin nəzarət edəcəyi də önəmli məsələdir. Demokratlar ən azı Senata nəzarəti qoruyub saxlasalar, təyinatlara və qərarlara təsir imkanları olacaq. Bu halda, tutaq ki, hərbi büdcə layihəsinə və ya hər hansı istənilən qanun layihəsinə Ukraynaya yardımla bağlı əlavələr etmək mümkündür.

 

İstənilən halda, bu mərhələdə Trampın ehtimal olunan xarici siyasəti haqqında birmənalı qiymətləndirmələrdən çəkinmək lazımdır. Digər tərəfdən, bu adam tamamilə sirli fiqur və qapalı qutu deyil, 4 il prezident olub. Bu da faktdır ki, aciz və fərsiz Obama Ukraynaya 1 güllə belə verməzkən ilk silahlar Trampın dövründə verildi: sistem onu buna məcbur etdi, ya nə oldu, bu, çox da vacib deyil.

 

Şahin Cəfərli