
Rusiya tərəfi İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələri davam etdirməyə ümid edir.
Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pxenyanda deyib.
Nazir qeyd edib ki, real mexanizm “BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı və orada yaşayan milyonlarla insanı təhdid edən real fəlakəti nəzərə alaraq, bütün tərəfləri istənilən zorakı hərəkətləri dayandırmağa və humanitar problemlərin həllini təmin etməyə çağıran qərarı ola bilər”.
“Amma təəssüf ki, bu qətnamə qəbul olunmadı. Baxmayaraq ki, bu qətnamə qəbul edilsəydi, hər şey olacaqdı, fasilə elan olunardı, humanitar problemlər həll olunardı. Lakin çağırış nəticə vermədi”, – Lavrov əlavə edib.
“Qəzza zolağına gəlincə, bu böhranın region miqyasında münaqişəyə çevrilməsi riski kifayət qədər ciddidir”, – Lavrov bildirib.
“Biz hər şeyi İranın üzərinə atmaq cəhdlərini müşahidə edirik və onları kifayət qədər təxribatçı hesab edirik. İran rəhbərliyi, hesab edirəm ki, kifayət qədər məsuliyyətli, balanslı mövqe tutur və bu münaqişənin bütün regiona və qonşu ölkələrə yayılmasının qarşısını almağa çağırır”, – nazir qeyd edib.
Onun sözlərinə görə, Rusiya İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı istənilən konstruktiv təklifləri, o cümlədən Türkiyənin tərəflər üçün qarant ölkələr sisteminin yaradılması təşəbbüsünü müzakirə etməyə və nəzərdən keçirməyə hazırdır.
“Biz istənilən konstruktiv təklifləri müzakirə etməyə hazırıq. Bu günlərdə eşitdiyim bu təşəbbüs açıq şəkildə deeskalasiyaya nail olmaq və vəziyyəti normallaşdırmaq istəyi ilə diktə olunur. Konkret olaraq nə nəzərdə tutulur, biz təbii ki, bu məsələ ilə bağlı təmasda olduğumuz türkiyəli dostlarımızdan eşitmək istərdik”, – Lavrov qeyd edib.
“Biz tərəfdarıyıq ki, istənilən yanaşma kiminsə maraqlarını başqalarının maraqları hesabına sırımağa deyil, tərəflərin maraqları balansına əsaslansın. Mənə elə gəlir ki, Türkiyənin təşəbbüsü belə bir tarazlığı təmin etmək istəyi ilə diktə olunur. Biz bunu nəzərə almaq üçün əməkdaşlığa hazır olacağıq”, o əlavə edib.
Koreya yarımadası mövzusuna toxunan Lavrov bildirib ki, Moskva Pxenyan və Pekinlə birlikdə bu yarımadada təhlükəsizlik məsələləri üzrə ilkin şərt olmadan müntəzəm danışıqlar prosesinin qurulmasının tərəfdarıdır.
“Şimali koreyalı dostlarımız kimi biz də ABŞ, Yaponiya və Cənubi Koreyanın burada hərbi fəaliyyətinin intensivləşməsindən və Vaşinqtonun nüvə aspektləri də daxil olmaqla strateji infrastrukturun buraya köçürülməsi istiqamətindən ciddi narahatıq. Biz bu qeyri-konstruktiv və təhlükəli xəttə burada deeskalasiyanı və gərginliyin artmasının yolverilməzliyini təmin etmək kursu ilə qarşıyıq”, – deyə Lavrov bildirib.
“Biz Şimali Koreya və Çinlə birgə bu xətti davam etdiririk və gərginliyin artmasına konstruktiv alternativlər təklif etməyə çalışırıq. Biz Koreya yarımadasında təhlükəsizlik məsələləri üzrə ilkin şərt olmadan müntəzəm danışıqlar prosesinin qurulmasının tərəfdarıyıq”, – deyə Rusiya XİN rəhbəri yekunlaşdırıb.
Səid Əhmədli
Gununsesi.info