BMT-dən Qəzza ilə bağlı həyəcan təbili: Humanitar fəlakətlə üz-üzədir

Yardım üçün təhlükəsiz dəhlizlər açılmasa, Qəzza zolağı humanitar fəlakətlə üz-üzədir.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Yaxın Şərq üzrə nümayəndəsi Adnan Əbu Həsna “Anadolu” agentliyinə bildirib.

BMT nümayəndəsi İsrailin Qəzza zolağında bütün sərhəd qapılarını bağlamağa davam etdiyinə diqqət çəkib ki, bu da humanitar yardımın çatdırılmasını mümkünsüz edir.

“Su, dərman və qida da daxil olmaqla humanitar yardımın çatdırılması üçün təhlükəsiz dəhlizlər açılmasa, Qəzza zolağı görünməmiş humanitar fəlakətlə üzləşəcək”, – Əbu Həsna bildirib.

BMT nümayəndəsinin sözlərinə görə, “yaxın saatlarda Qəzza zolağında benzin bitəcək və xəstəxanalar fəaliyyətini dayandıracaq”. “Vəziyyət belə davam edərsə, iki həftə ərzində Qəzza zolağında yemək qalmayacaq”, – o qeyd edib.

Bir gün əvvəl UNRWA Qəzza zolağının 175 mindən çox sakininin 88 məktəbə sığındığını və İsrailin davam edən hava hücumları fonunda bu rəqəmin artdığını bildirmişdi.

Bu arada BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) İsrailin Qəzza zolağına endirdiyi hava hücumları nəticəsində 260 mindən çox fələstinlinin müvəqqəti evlərindən didərgin düşdüyünü bildirib.

Səid Əhmədli
Gununsesi.info