
Birləşmiş Ştatlar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) “Qəzza zolağına humanitar yardım göstərmək üçün hərbi əməliyyatlara fasilə verilməsini” tələb edən qətnaməsinə veto qoyub.
Gununsesi.info xəbər verir ki, BMT Təhlükəsizlik Şurası Braziliyanın İsrail-Fələstin münaqişəsi ilə bağlı təqdim etdiyi qətnamə layihəsini səsə qoyub.
Qətnamə layihəsinin lehinə 12 ölkə səs verib, 2 ölkə bitərəf qalıb, bir ölkə əleyhinə səs verib.
BMT Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. ABŞ Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri “əleyhinə”, Rusiya və Böyük Britaniya isə bitərəf qalıb.
Qətnamə layihəsində “BMT və onun humanitar tərəfdaşlarının Qəzzaya girişinə icazə vermək üçün hərbi əməliyyatlara fasilə verilməsi” tələb olunur.
Qətnamədə HƏMAS-ın “terror hücumları” və mülki əhaliyə qarşı bütün zorakılıq formaları qınanılıb.
ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild ölkəsinin veto qoyma qərarını belə izah edib:
“Birləşmiş Ştatlar qətnamədə İsrailin özünümüdafiə hüququndan bəhs edilməməsindən məyusdur”, – ABŞ sözçüsü bildirib.
Thomas-Qrinfild deyib ki, ABŞ “yerdə ağır işi” görür və diplomatiyaya şans verilməlidir.
Qətnamə layihəsinə təklif etdiyi düzəlişlər qəbul edilməyən Rusiyanın Daimi Nümayəndəsi Vasili Nebenzya deyib ki, “mülki insanlara qarşı zorakılığın pislənməsini qəbul etməyən nümayəndə heyətləri Yaxın Şərqdə qan tökülməsinin dayandırılmasını istəmir”.
“Amerikalı dostlarımızın ikiüzlülüyünün bir daha şahidi olduq. BMT Təhlükəsizlik Şurasında qətnamə layihəsinə veto qoymaqla problemin həllini istəmədiklərini göstərdilər”, – Nebenzya bildirib.
Sonuncu dəfə İsrail-Fələstin münaqişəsi ilə bağlı qətnamə layihəsinə 2018-ci ildə baxılıb. Sonra ABŞ və Küveytin təqdim etdiyi qətnamə layihələri rədd edilib.
BMT Təhlükəsizlik Şurasında İsrail-Fələstin münaqişəsi ilə bağlı sonuncu qətnamə layihəsi 2016-cı ildə təsdiqlənib. ABŞ-ın səsvermədə bitərəf qaldığı 2234 saylı qətnamə lehinə 14 səslə qəbul edilib.
Səid Əhmədli
Gununsesi.info