İranda ikinci Məhsa Əmini hadisəsi iddiası: Gənc qızın beyin ölümü gerçəkləşdi

İranda baş örtüyü taxmadığı üçün əxlaq polisi tərəfindən zorakılığa məruz qaldığı iddia edilən 16 yaşlı Armita Geravandın beyin ölümü gerçəkləşib.

Gununsesi.info xəbər verir ki, baş verənlərin ötən il öldürülən Məhsa Əmininin hekayəsinə bənzədiyi bildirilib. Bundan əlavə, Məhsa Əmini ilə bağlı reportaj hazırlayan iki qadın jurnalist həbsə məhkum edilib.

Keçən il baş örtüyü geyinmədiyi üçün İranda əxlaq polisi tərəfindən zorakılığa məruz qalan Məhsa Əmininin həyatını itirməsi ilə ölkədə etirazlar başladı.

Əmininin ölümündən sonra baş örtüyü qaydası bir az yumşalsa da, bir il keçməmiş İranda qadınlara münasibətin əvvəlki kimi olduğu xəbəri gəlir.

Əxlaq polisinin törətdiyi zorakılığın son qurbanlarından biri də 16 yaşlı Armita Geravanddır.

Gənc qız oktyabrın 1-də paytaxt Tehranda huşsuz vəziyyətdə metrodan çıxarılıb. Hadisə şahidləri bildiriblər ki, vaqonda olan 16 yaşlı qız baş örtüksüz olduğu üçün əxlaq polisi tərəfindən zorakılığa məruz qalıb. Rəsmi açıqlamaya görə, Armita Geravand vaqonda yıxılaraq başını yerə vurub.

İran mətbuatında yayılan xəbərlərə görə, 20 gündən çox xəstəxanada həyat mübarizəsi aparan Armitanın beyin ölümü gerçəkləşib.

Digər tərəfdən İran İnqilab Məhkəmələri ölkədəki iki jurnalistə 6 və 7 il həbs cəzası verib. İki qadın jurnalist Nilüfer Hami və Elaheh Muhammedi “düşmən ABŞ hökuməti ilə əməkdaşlıq” və “milli təhlükəsizliyə qarşı sui-qəsd” ittihamları ilə mühakimə olunurdu.

Jurnalistlər ittihamları rədd etsələr də, məhkəmə onlara həbs cəzası verib.

Gununsesi.info