
Bu ilin noyabr-dekabr aylarında Qarabağdan Ermənistana gedən qaçqınlara 50 min dram ayrılacaq.
Gununsesi.info Ermənistan hökuməti qaçqınların vacib xərclərinin qarşılanmasından ötrü yeni yardım proqramına başlayır. Bu haqda baş nazir Nikol Paşinyan məlumat verib.
Noyabr-dekabr aylarında qaçqınların hər birinə yaşayış-kommunal xərclərlə yanaşı, dövlət büdcəsindən 50 min dram (125 dollara yaxın) vəsait ayrılacaq. Bank hesablarındakı qalıqları müəyyən həddi keçən, dövlətin verdiyi sığınacaqda, yaxud dövlətin himayəsində yaşayan şəxslər və onların ailə üzvləri istisna təşkil edir.
“Yaxın günlərdə Dağlıq Qarabağdan məcburi köçkün qardaş-bacılarımıza uzunmüddətli yaşayış dəstəyi məsələlərinin müzakirəsinə başlayacağıq. Bu, Ermənistan vətəndaşları üçün planlaşdırılmış analoji proqramlarla maksimum koordinasiya olunacaq”, – baş nazir Facebook-da yazıb.
Paşinyan Qarabağdan köçənlərin yaxın iki ay ərzində Ermənistanda iş tapacağına ümidini bildirib.
“Hökumət, əlbəttə ki, bütün mümkün vasitələrlə onları bu məsələdə dəstəkləyəcək”, – Paşinyan vurğulayıb.
Gununsesi.info