İsrail ordusunda böhran: Hökumət qərar verməkdə çətinlik çəkir

İsrail mediası baş nazir Benyamin Netanyahu ilə İsrail ordusu arasında etimad böhranının olduğunu və bunun Qəzza müharibəsində birgə qərarların qəbulunu çətinləşdirdiyini bildirib.

Gununsesi.info bildirir ki, “Yediot Ahronot” qəzeti İsrail siyasi və hərbi rəsmilərinə əsaslanan xəbərində Qəzzada quru əməliyyatı yaxınlaşdıqca hökumətin HƏMAS-ın saxladığı israilli girovlarla bağlı dalana dirəndiyini və “əsas məsələlərdə razılığa gəlməkdə çətinlik çəkdiyini” yazıb.

“Netanyahunun baş verən hər şeyin (HƏMAS-ın İsrailə qarşı 7 oktyabrda başlayan hücumları) məsuliyyətinin İsrail ordusunun yüksək rütbəli rəsmilərinin üzərinə düşdüyünə inandığı və onlara qəzəbləndiyi deyilir”, – deyə xəbərdə qeyd olunur.

Xəbərdə oktyabrın 20-də HƏMAS-ın 2 amerikalı girovu azad etməsindən sonra ABŞ-ın digər girovlarla bağlı irəliləyiş əldə olunmasını istədiyi və buna görə də ABŞ rəhbərliyinin Qəzzaya qarşı quru əməliyyatını təxirə salması üçün İsrailə təzyiq göstərdiyi bildirilib.

Qəzetin yazdığına görə, ABŞ prezidenti Co Bayden hesab edir ki, “girov məsələsi ilə məşğul olmaq quru əməliyyatları da daxil olmaqla bütün digər hərəkətlərdən üstündür”.

İsrail Ordusunun sözçüsü Daniel Hagari dünən verdiyi açıqlamada, “Siyasi iradənin qərarına uyğun olaraq növbəti mərhələyə (quru əməliyyatı) keçəcəyik. Bu, İsrail ordusundakı yüksək vəzifəli məmurların qərar qəbul etmə məsuliyyətini hökumətə, xüsusən də baş nazirə həvalə etmək üsuludur” dəyərləndirməsini edib.

Xəbərdə həmçinin “Quru əməliyyatının vaxtı ilə bağlı müzakirələr bir yana, Netanyahu ilə İsrail ordusu arasında etimad böhranı yarandığına” diqqət çəkilərək, bu böhranın “ktyabrın 7-də İsrailə vurulan böyük zərərdən əlavə, daha bir ziyana səbəb olduğu” ifadə edilib. ”

Xəbərdə İsrailin “təsirli bir idarəçiyinin olmadığı” ifadə edilib və aşağıdakı detallar paylaşılıb:

“Bu (böhran) müharibəyə fokuslanmağı və qərarlar qəbul etməyi çətinləşdirir. İndi İsrailə öz missiyasına fokuslanmış effektiv rəhbərlik lazımdır. Siyasi və hərbi rəsmilərin açıqlamalarına görə, hökumət gündəmdəki əsas məsələlərlə bağlı konsensusa səbəb olacaq qərarlar verməkdə çətinlik çəkir.

Keçən həftə Netanyahu İsrail ordusu və müdafiə naziri Yoav Qallantın məsləhətinə baxmayaraq, şimalda (Livan sərhədi) çəkindirici əməliyyata başlamaq qərarına mane oldu. Lakin Netanyahu bu iddianı təkzib edib. Müzakirənin mərkəzində ABŞ-ın İsraildən Livana qarşı çəkindirici hücumdan çəkinməsi tələbi dayanıb. Amerikalılar sorğuya səxavətli hərbi yardım paketi əlavə etdilər. İki təyyarədaşıyan Livan sahillərinə yerləşdirilib və “Hizbullah” müharibəyə başlayarsa, İsrail ordusuna dəstək vermək öhdəliyi götürülüb”.

Xəbərdə “Qəzzadakı müharibə İsrail cəmiyyətində geniş konsensus yaradıb, lakin hökumət və ordunun başında vəziyyət fərqlidir” şərhi də yer alıb.

Digər tərəfdən, “Haaretz” qəzeti dünən “Netanyahu HƏMAS-ın 7 oktyabr hücumunu proqnozlaşdıra bilməmək məsuliyyətindən qaçmağa və bu məsuliyyəti ordunun üzərinə qoymağa çalışır” deyə tənqidlərin yer aldığı yazı dərc edib.

Gununsesi.info