Qəzza xəstəxanalarında fəlakətli durum: Yanacaq tükənir

Qəzza zolağı oktyabrın 7-dən bəri yanacaq almır. Fələstin anklavına səhiyyə sisteminin davamlılığını təmin etmək üçün təcili yanacaq tədarükü lazımdır.

Gununsesi.info xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin hökumətinin yazılı açıqlamasında bildirilir.

Qeyd olunur ki, son iki gündə humanitar yardım daşıyan yük maşınları Rəfah keçid məntəqəsi vasitəsilə Qəzzaya gəlib, lakin onların arasında yanacaq yoxdur.

Hökumətin başqa bir açıqlamasında deyilir: “Rəfah keçidinin daimi açılması Qəzza zolağında fəlakətli humanitar vəziyyətin yaxşılaşdırılması üçün təcili ehtiyaca çevrilib”.

Məlumatda qeyd edilir ki, Qəzza zolağında fəlakətli humanitar vəziyyətin yumşaldılması üçün davamlı olaraq şəhərə humanitar yardımların, xüsusilə də yanacaq, dərman və ərzaq mallarının daxil olmasına icazə vermək lazımdır.

Məlumata görə, Qəzza zolağında səhiyyə sistemi yanacaq böhranı səbəbindən dağılmaq ərəfəsindədir

Dünən Qəzzanın Səhiyyə Nazirliyi yanacaqdoldurma məntəqələrinin sahiblərini və az da olsa yanacağı olanları xəstəxanalara ianə verməyə çağırıb.