Dünya birincisi: O, süni ürəklə 100 gün yaşadı

  • By Admin2
  • 12 Mart 2025 12:10

Avstraliyada ürək çatışmazlığından müalicə alan bir xəstə tam süni ürək transplantasiyası ilə 100 gün sağ qalmaqla dünya tibb tarixində yeni bir çığır açdı.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Sidneydə aparılan uğurlu əməliyyatdan sonra xəstə donordan real ürək transplantasiyası ilə sağlamlığına qovuşdu.

Queensland əsilli Dr. Daniel Timms tərəfindən hazırlanmış BiVACOR dünyanın ilk implantasiya edilə bilən fırlanan qan pompasıdır.

Maqnit levitasiya texnologiyası ilə işləyən bu cihaz sağlam insan ürəyinin təbii qan axınını təqlid edir və inkişaf etmiş ürək çatışmazlığı olan xəstələr üçün “körpü müalicəsi” kimi hazırlanıb.

The Guardian-ın xəbərinə görə, dünyada hər il 23 milyondan çox insan ürək çatışmazlığı ilə mübarizə apararkən , yalnız 6000 insan uyğun donor ürək tapa bilir. BiVACOR orqan donorluğuna alternativ ola biləcək bir həll yolu kimi önə çıxır. 

Avstraliya hökuməti də bu texnologiyanın inkişafı və kommersiyalaşdırılması üçün 50 milyon dollar dəyərində dəstək proqramına başlayıb.

Əməliyyatı həyata keçirən cərrah Prof. Paul Jansz bu tibbi uğuru “illərdir üzərində çalışdıqları bir xəyalın reallaşması” kimi təsvir edərkən, Prof. Chris Hayward BiVACOR-un ürək çatışmazlığının müalicəsində beynəlxalq inqilab yaradacağını vurğuladı.

Süni ürəklər gələcəkdə orqan donorluğundan asılılığı azaltmaqla milyonlarla insanın həyatını xilas edə bilərmi? Bu sualın cavabını yalnız zaman göstərəcək.

Orxan

Gununsesi.info