
Avropa Parlamentinin vitse-prezidenti Eva Kailinin rüşvət iddialarına görə vəzifəsindən uzaqlaşdırılan sevgilisi və müavini Françesko Giorgi Qətər və Mərakeşdən rüşvət aldığını etiraf edib.
Bu barədə Gununsesi.info Belçika mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, Giorgi övladının anası Eva Kailini qorumaq üçün bütün günahı öz üzərinə götürüb.
Belçikanın “Le Soir” qəzetinin məlumatına görə, Françesko Giorgi məhkəmə, Mişel Klais və polis qarşısında günahını etiraf edib.
“Katarqeyt” adlı istintaq çərçivəsində cümə günü saxlanılan Giorgi çərşənbə günü məhkəmə qarşısına çıxıb.
Le Soir-in əldə etdiyi stenoqrama görə, Eva Kailinin sevgilisi və köməkçisi Giorgi etiraf edib ki, o, “Qətər və Mərakeşin Avropa Parlamentinin qətnamələrinə müdaxilə etmək üçün istifadə etdiyi təşkilatın bir hissəsidir”.
Belçika məhkəmə orqanlarının De Standaard qəzetinə təsdiqlədiyi hesabata görə, Giorginin bu formalaşmadakı rolu pul axınını idarə etməkdir. Françesko Giorgi açıqlamasında təşkilatın lideri kimi cümə günü saxlanılan keçmiş italiyalı parlamentari Antonio Panzeri göstərib.
“Cəzasızlıqla mübarizə” hüquq müdafiə təşkilatına rəhbərlik edən Panzerinin Brüsseldəki evindən 500 min avrodan çox nağd pul müsadirə edilib.
Həyat yoldaşı və qızı da İtaliyada saxlanılan Panzerinin ailəsi ilə birlikdə xərcləri Qətər tərəfindən qarşılanan 100 min avroluq tətilə getdiyi bildirilib. Giorgi açıqlamasında Avropa Parlamentinin Sosial Demokratlar Qrupunun üzvləri olan Belçikalı deputat Mark Tarabella və italyan deputat Andrea Kozzolinonun da rüşvət işi ilə bağlı olduğunu iddia edib.
Bazar günü Tarabellanın Belçikadakı evində axtarış aparılıb, onun kompüteri və mobil telefonu müsadirə edilib.
Belçika mediasının əldə etdiyi sənədlərdə Panzeri, Giorgio və Cozzolina-nın Mərakeş Kəşfiyyat Xidməti (DGED) və Mərakeşin Varşavadakı səfiri Abderrahim Atmoun ilə də əlaqə saxladığını göstərir.
Tərcümə:
Afət Abbasova