Avropa Komissiyasının rəhbəri Qəzzada xəstəxanaya hücumu qınadı

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Qəzza zolağında Əl-Əhli Baptist xəstəxanasına edilən və yüzlərlə insanın ölümünə səbəb olan hücumu qınayıb.

Gununsesi.info xəbər verir ki, siyasətçi bu barədə Avropa Şurasının İsrail-Fələstin münaqişəsi ilə bağlı iclasında bildirib.

“Mülki insanlarla dolu xəstəxananı vurmağın heç bir əsası yoxdur. Bir gün əvvəl Qəzza zolağında yüzlərlə yaralının olduğu xəstəxana cəhənnəmə çevrildi”, – deyə o bildirib

O, Əl-Əhli Baptist xəstəxanasından çəkilən görüntüləri “dəhşətli və kədərli” adlandırıb.

Ursula fon der Leyen baş verənlərin hərtərəfli araşdırılmasını və faciəyə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsini istəyib.

Eyni zamanda, AK rəhbəri qeyd edib ki, Avropa İttifaqı ölkələrinin İsraillə həmrəyliyi “Fələstin xalqının humanitar ehtiyaclarını təmin etmək üçün atılan addımlara zidd deyil”.

Bundan əvvəl İsrailin Qəzza zolağında Əl-Əhli Baptist xəstəxanasını bombalaması nəticəsində ölənlərin sayının 500 nəfərə çatdığı bildirilib.

Fələstin prezidenti Mahmud Abbas Qəzzadakı xəstəxanaya hücumda həlak olanlar üçün üç günlük matəm elan edib.

Səid Əhmədli
Gununsesi.info